BÜDCƏ

Azərbaycanda pensiyaların maliyyələşməsinə ÜDM-in 4,9%-i sərf ediləcək
03 NOYABR
252

Azərbaycanda pensiyaların maliyyələşməsinə ÜDM-in 4,9%-i sərf ediləcək

2017-11-03 18:30:00

Azərbaycanda 2018-ci ildə pensiyaların ödənilməsi xərclərinin ümumi daxili məhsulun (ÜDM) 4,9%-i qədər olacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə ÜDM-in 4,9%-i sərf ediləcək. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib, bu göstəricinin cari ildə 4,8% olacağı gözlənilir. Xüsusi çəki göstəricisinin 2014-cü ildən sonrakı dövrlərdəki artımı ÜDM-in artım tempinin səngiməsi ilə bağlıdır.

Ümumiyyətlə, hazırkı dövrdə pensiya xərclərinin ÜDM-də xüsusi çəkisi pensiya sisteminin fiskal dayanıqlılığının qiymətləndirilməsi üzrə beynəlxalq müqayisələrdə geniş istifadə edilən göstəricilərdən biridir. Beynəlxalq Valyuta Fondunun Fiskal işlər Departamenti tərəfindən “İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda dövlət pensiya islahatları üzrə çağırış” mövzusunda 2011-ci ildə hazırlanmış araşdırma sənədinə əsasən, həmin göstərici 1970-ci ildə orta hesabla 4,6% səviyyəsində (o cümlədən, inkişaf etmiş iqtisadiyyatlarda 4,8%, inkişaf etməkdə olan iqtisadiyyatlarda 4,0%) olub, 2010-cu ildə isə müvafiq xüsusi çəki göstəricisi orta hesabla 7%-ə (o cümlədən, inkişaf etmiş iqtisadiyyatlarda 8,4%, inkişaf etməkdə olan iqtisadiyyatlarda 5,6%) yüksəlib.

Əmək pensiyalarının ödənişi xərcləri əhaliyə ödənişlər üzrə xərclərin 3 407 mln. manatını və ya 97,5%-ni təşkil edəcək ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6%, gözlənilən icra göstəricisindən isə 109 mln. manat və ya 3,3% çoxdur. Başqa sözlə, əmək pensiyalarının ödənilməsi xərclərinin artım səviyyəsi Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin artım səviyyəsini bir qədər üstələyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287