BÜDCƏ

Büdcədə hansı rayonların pulu kəsiləcək? – ARAŞDIRMA
24 OKTYABR
917

Büdcədə hansı rayonların pulu kəsiləcək? – ARAŞDIRMA

2017-10-24 11:36:00

Yaxın günlərdə parlamentdə Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi üzrə müzakirələr başlayacaq.
Fins.az xəbər verir ki, artıq büdcə layihəsi parlamentə təqdim edilib və dövlət başçısının əvvəlcədən bildirdiyi kimi, 2018-ci ilin büdcəsi bu ilin büdcəsindən daha böyükdür.
İlkin layihəyə görə (adətən parlament müzakirələrində layihə ya heç dəyişmir, ya da bura cüzi əlavələr edilir) 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 20%  artıqdır. Büdcənin xərcləri isə 20 905,7 milyon manat və ya 2017-ci illə müqayisədə 16,5% artıq olacaq. 

Rayonlara ayrılan pullar artıb, amma hamıya yox

Bu dəfə büdcədən ölkənin ayrı-ayrı rayon və şəhərlərinə ayrılacaq məbləğlər barədə danışacağıq. Büdcə layihəsinə görə, rayon və şəhərlər mərkəzi büdcəyə 7 milyard 145,3 milyon manat ödəyəcəklər. Bu, 2017-ci illə müqayisədə 663,6 milyon manat və ya təqribən 10% artıqdır.
Rayon və şəhərlərdən mərkəzi büdcəyə ödəniləcək məbləğin 6 milyard 985,1 milyon manatı Bakının, 160 milyon manatdan bir qədər artıq hissə isə digər rayonların payına düşür.
Mərkəzləşmiş büdcədən isə rayonlara 2018-ci ildə 73,4 milyon manat ödəniləcək ki, bu 2017-ci illə müqayisədə təqribən 5 milyon manat artıqdır.

«Özünü dolandıran» rayonlar

Azərbaycanda elə rayon və şəhərlər var ki, onların yerli gəlirləri həmin rayonların saxlanması üçün tələb olunan xərclərdən artıq olduğuna görə, əlavə məbləğ mərkəzi büdcəyə köçürülür. Bəzi rayonların  gəlirləri isə özlərini dolandırmağa kifayət etmədiyi üçün mərkəzi büdcədən onlara lotasiya ödənilir.
2018-ci ilin proqnozlarına görə, ölkədə Xankəndini çıxmaqla, 65 rayon və şəhərdən 34-ü mərkəzi büdcədən pul almayacaq. Bu elə 2017-ci ildə olduğu kimidir. Bu rayonlardan bəziləri bütün gəlirlərini özlərinə xərcləcəyəcək, ya da artıq məbləği mərkəzi büdcəyə keçirəcəklər.

«Büdcə hesabına dolanan» rayonlar

31 rayon və şəhər isə hələ də mərkəzi büdcəyə möhtacdır, yəni dediyimiz kimi, onların gəlirləri xərclərini ödəmir.
2018-ci ildə bu rayonların siyahısı dəyişməsə də, onların mərkəzi büdcəyə ödəyəcəyi və ya büdcədən alacaqları məbləğlər dəyişib.

Büdcəyə pul ödəyəcək rayonların siyahısı dəyişib

Bəzi rayonlar özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ödəyəcəklər. Belə rayonların sayı 28-dir. Yeri gəlmişkən, ötən illə müqayisədə belə rayonların sayı azalıb. Belə ki, əgər 2017-ci ildə Bərdə, Göyçay, Neftçala və Salyan da öz gəlirlərindən mərkəzi büdcəyə pul ödəyəcəkdisə, artıq bu il onların bu öhdəliyi olmayacaq. Əvəzində İsmayıllı, Qusar, Şabran rayonların 2018-ci ildən başlayaraq özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ayıracaqlar. İsmayıllı 909 min manat, Qusar 198 min manat, Şabran isə 137 min manat mərkəzi büdcəyə pul ödəyəcəklər.

Bəzi rayonların büdcə yükü dəfələrlə artıb

Bundan başqa, yeni büdcə layihəsində bəzi rayon və şəhərlərin mərkəzi büdcəyə ödənişləri kəskin artırılıb. Belə ki, əgər 2017-ci ildə Mingəçevir mərkəzi büdcəyə 1,7 milyon manat ödəməli idisə, 2018-ci ildə bu məbləğ 5 dəfədən də çox artaraq təqribən 9 milyon manata çatıb. Yevlaxın büdcə yükü isə təqribən 2 dəfə artaraq 8,5 milyon manata yüksəlib. Ən böyük artım Astarada baş verib. Layihəyə görə, Astara rayonu gələn il mərkəzi büdcəyə 2 milyon 357 min manat ödəməlidir. Bu isə 2017-ci illə müqayisədə 13,5 dəfə artıqdır. Şamaxı, Qazax və Qubudlının da büdcə öhdəlikləri təqriğən 2 dəfə artırılaraq müvafiq olaraq 437 min manat, 339 min manat və 454 min manata çatdırılıb.
Turistlərin Qəbələyə axını da büdcə müəlliflərinin nəzərindən qaçmayıb, nəticədə Qəbələnin büdcə yükü 1,6 milyon anat artırılaraq 8 milyon manatı keçib.

Lider Sumqayıtdır

Bakını nəzərə almasaq, mərkəzi büdcəyə ən çox pul ödəyən şəhər Sumqayıt (42,5 milyon manat), Abşeron rayonu (22,9 milyon manat), İmişli (14,8 milyon manat), Gəncə (12 milyon manat), Mingəçevir (9 milyon manat), Yevlax (8,5 milyon manat), Şirvan (8,3 milyon manat), Qəbələ (8 milyan manat) və Quba (5 milyon manat) rayonlarıdır.

Mərkəzi büdcədən ən çox dotasiya alan rayonlar 

Mərkəzi büdcədən ən çox pul alan rayonların siyahısına isə Ağdam başçılıq edir – 5,3 milyon manat. Sonrakı yeri Gədəbəy və Qax (4,1 milyon manat), Laçın (3,8 milyon manat) və Şəmkir rayonlarıdır.

4 rayonun pulu azalacaq

2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, mərkəzi büdcədən dotasiya alan demək olar ki, bütün rayonların payı artırılıb. Əvəzində, 4 rayonun xərclərinin azaldılması nəzərdə tutulub. Bunlar Cəbrayıl (1 371 min manat, ötən il isə 1 548 min idi),  Kəlbəcər (2 219 min manat, ötən il isə 2 560 min manat idi), Şuşa (950 min manat, ötən il isə 1 011 min manat idi) və Zəngilandır (303 min manat, ötən il isə 334 min manat idi).

© FED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287