BÜDCƏ

Vergi bəyannaməsi verməyənlər üçün – SON HƏFTƏ
13 OKTYABR
328

Vergi bəyannaməsi verməyənlər üçün – SON HƏFTƏ

2017-10-13 09:43:00

Vergi bəyannamələrinin verilməsi üzrə son tarixə artıq bir həftə qalıb. Vergi üzrə ekspert Vəli Əliyev Fins.az-a bildirib ki, oktyabr ayının 15-nə kimi 2017-ci ilin 3-cü rübü üçün mənfəət və gəlir vergisi üzrə cari vergi məbləğlərinin dövlət büdcəsinə ödənilmə müddəti başa çatır. Eyni zamanda Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan hesablama metodunu seçən vergi ödəyiciləri tərəfindənmənfəət və gəlir vergisi üzrə cari vergi məbləğlərinin hesablanması barədə məlumat formasını vergi orqanlarına tədim edilməlidir. Bu məlumat formasında keçən ilin ümumi gəlirində mənfəət və ya gəlir vergisinin xüsusi çəkisini göstərən əmsal 2017-ci ilin 3-cü rübündə əldə edilən ümumi gəlirinin həcminə vurmaqla cari verginin məbləği müəyyən olunur. Lakin 15 oktyabr 2017-ci il tarixi qeyri-iş (bazar) günü olduğu üçün məlumat formasının təqdim edilməsi və cari vergi məbləğinin ödənişi üçün son müddət Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən növbəti iş gününə, yəni 16 oktyabr tarixinə keçirilir.

Oktyabr ayının 20-i isə ƏDV, aksizli malların istehsalçıları tərəfindən aksiz vergisi, sadələşdirilmiş vergi və ödəmə mənbəyində vergi bəyannamələrinin vergi orqanına təqdim olunması və hesablanmış vergi məbləğinin büdcəyə ödənilməsi üçün müəyyən olunan son müddətdir.

Həmçinin bu müddət ərzində yerin təkindən faydalı qazıntılar çıxaran fiziki və hüquqi şəxslər 2017-ci ilin sentyabr ayı üçün mədən vergisinin bəyannaməsini vergi orqanlarına, yerli əhəmiyyətli tikinti materialları istehsal edən hüquqi və fiziki şəxslər isə bələdiyyə orqanlarına mədən vergisinin bəyannaməsini təqdim etməli və hesablanmış vergiləri büdcəyə (və ya yerli bələdiyyə büdcəsinə) ödəməlidirlər.

Oktyabr ayının 20-dən sonra təqdim edilmiş hər bəyannaməyə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Bundan əlavə, bəyannamə təqdim olunmadıqda əlaqəli məlumat əsasında və ya analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları əsasında vergi məbləğlərini hesablamaq üçün qanunvericilik vergi orqanlarına müvafiq səlahiyyətlər vermişdir.

Məsələn, Gəncə şəhərində mehmanxana xidməti göstərən şəxs müvafiq bəyannaməni vergi orqanına təqdim etmədiyi halda vergi orqanı Gəncə şəhərində analoji fəaliyyəti ilə məşğul olan digər şəxsin bəyannamə məlumatları əsasında vergi məbləğini hesablaya bilər. Təbii ki, sahibkarlıq subyekti müvafiq bəyannaməni vergi orqanına təqdim etdikdən sonra analoji bəyannamənin məlumatları ləğv edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296