BÜDCƏ

“Şahdəniz-2” layihəsindən ilk qazın əldə olunması istiqamətində işlər uğurla davam edir
28 AVQUST
171

“Şahdəniz-2” layihəsindən ilk qazın əldə olunması istiqamətində işlər uğurla davam edir

2017-08-28 10:39:00

Aparılmış hesablamalara əsasən, Azərbaycanın qaz ehtiyatları 2,5 trilyon kubmetr proqnozlaşdırılır. “Şahdəniz”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq”, “Asiman”, “Zəfər-Məşəl” və s. yataqlarla yanaşı, “Ümid” və “Babək” kimi yataqların işlənilməsi, həmçinin xarici şirkətlərin iştirak etdiyi Hasilatın Pay Bölgüsü (HPB) müqavilələrini də nəzərə alsaq, Azərbaycanın son 10 ildə qaz potensialının 1,4 trilyon kubmetrə qədər artdığını görə bilərik. Mütəxəssislərin fikrincə, Azərbaycanın artıq bəlli olan və hesablanan qaz ehtiyatları nəticə etibarilə 5 trilyon kubmetrə çata bilər.

Azərbaycanın dünya əhəmiyyətli ən böyük qaz yatağı isə “Şahdəniz”dir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və layihə iştirakçıları olan BP, Lukoyl, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında 1996-cı il iyunun 4-də “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Xatırladaq ki, bu yatağın təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir.

“Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanılıb. 2007-ci il fevral ayından etibarən yataqdan hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql edilib. 2007-ci il iyulun 3-də isə “Şahdəniz”dən hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.

Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 kilometr, Gürcüstan ərazisində isə 248 kilometrdir. Diametri 42 düymdür (105 santimetrdir). Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 kilometr təşkil edir.

“Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat ildə 10 milyard kubmetr qaz və gündə təxminən 50 min barel kondensat təşkil edir. Birinci mərhələnin qazı artıq 10 ildən çoxdur Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql olunur. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində gələn ildən başlayaraq çıxarılan qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildən isə Avropaya ixrac ediləcək. “Şahdəniz-2” ildə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz verəcək.

“Şahdəniz-2” layihəsi “Cənub” qaz dəhlizinin vacib seqmentidir. Dəhlizin sonrakı hissələrini CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP (Transadriatik Qaz Boru Kəməri) təşkil edir.

Adıçəkilən layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimindəki çıxışında deyib: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə – Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra – 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə “Cənub” qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir”.

Hazırda “Şahdəniz-2” müqavilə sahəsində nəzərdə tutulan işlər cədvələ uyğun şəkildə reallaşdırılır. Belə ki, quraşdırılacaq iki platformadan birincisinin üst modullarının dənizə yola salınması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin bu il iyunun 1-də Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin – yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində iştirak etməsi bu hadisənin əhəmiyyətini bir daha təsdiqləyir.

BP şirkətindən verilən məlumatda bildirilir ki, “Şahdəniz-2” ərazisində quraşdırılacaq yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin dənizə vaxtından əvvəl yola salınması işlərin qrafikə uyğun getdiyini göstərir. Ümumiyyətlə, “Şahdəniz-2” qurğuları, demək olar ki, ölkə daxilində inşa edilir. Hər iki platformanın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmiş dayaq blokları isə artıq dənizdədir. Cari il iyunun 1-də yola salınan üst modullar həmin dayaq bloklarından birinin üzərində qərar tutacaq.

Yeri gəlmişkən, üst tikililər quraşdırma işləri tamamlandıqdan sonra “STB-1” barjına yüklənərək, dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılmışdı. Qurğunun vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri dəqiq planlaşdırılıb və bu işlərin təxminən bir həftə ərzində tamamlanacağı nəzərdə tutulub.

İndiyədək “Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri üzrə iştirakçı ölkələrdə 40 min yeni iş yeri açılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin inşasında isə 5 min nəfərdən çox işçi çalışıb ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Üst modullar Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsində AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilib. Konstruksiyanın çəkisi 12400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub. Burada işçilər üçün yaşayış otaqları, ofis və idman zalları yaradılıb. Modulların 4 əsas elektrik generatorunun gücü 60 MVt-dır.

AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilən yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə 5 min nəfərdən çox işçi cəlb edilib. İşçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub. Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng “Şahdəniz-2” layihəsinin uğurla, təhlükəsiz, büdcədən xeyli az vəsait xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir. Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililər çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə inşa edilib.

Hazırda “Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələri tamamlanmaq üzrədir. Təchizat-tədarük, mühəndis-layihələndirmə və tikinti işləri də daxil olmaqla, ümumilikdə bu layihələrin 92 faizdən çox hissəsi yekunlaşıb.

Bütün iri həcmli layihələr kimi, “Şahdəniz-2”ni də müxtəlif ölkələri təmsil edən tərəfdaş şirkətlər həyata keçirir. Bu il iyunun 1-də yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Prezident İlham Əliyev bu tərəfdaşlığı yüksək dəyərləndirib: “Mən Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır”.

Dövlət başçısı, eyni zamanda, “Şahdəniz-2” layihəsinin əməliyyatçısı olan BP şirkəti ilə tərəfdaşlığı strateji tərəfdaşlığa çevirən bir sıra digər müqavilələrin də imzalandığını, bu tərəfdaşlığın hələ neçə-neçə illər bundan sonra da davam edəcəyinə inamını bildirmişdir.

“Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlk qazın nəqli Gürcüstan və Türkiyəyə gələn il, Avropaya isə 2020-ci ildə gözlənilir. “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin 2036-cı ildən 2048-ci ilədək uzadılması “Şahdəniz” yatağının dərin qatlarındakı ehtiyatların gələcəkdə mümkün işlənilməsi üçün yol açır. Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi” layihəsinin tikinti işləri qrafikə uyğun davam edir. Ümumilikdə, tikinti işlərinin və istismaravermə sınaqlarının 89 faizi artıq tamamlanıb. Boru kəmərinin hidro-sınaq işləri həm Azərbaycanda, həm də Gürcüstanda davam edir.

Onu da deyək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisi 100 faiz ölkə daxilində həyata keçirilir. Bu tikililərin ümumi çəkisi 29200 ton təşkil edir və onlar 16500 boru qovşağından, 881 kilometr kabel xəttindən ibarətdir. Üst tikililərin quraşdırma işləri üç il ərzində tamamlanıb və son dərəcədə yüksək texniki təhlükəsizlik göstəriciləri ilə həyata keçirilib.

Azərbaycan hazırda qlobal əhəmiyyətli mühüm layihələrə imza atır. Bu, dövlətimizin başçısı cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müasir dövrdə belə qlobal və tarixi layihələri icra etməsi ölkəmizin gəlirlərinin artmasına, xalqın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Yuxarıda haqqında danışılan layihənin həyata keçirilməsi də bir daha sübut edir ki, ölkəmizdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, nəticədə iqtisadi potensialımızın daha da güclənməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsasını təşkil edir.

Elman İSGƏNDƏROV,
texnika üzrə fəlsəfə doktoru, dosent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285