BÜDCƏ

“Hökumət qənaət rejiminə keçib” – ƏLİ HƏSƏNOV - VİDEO
09 DEKABR 2016
647

“Hökumət qənaət rejiminə keçib” – ƏLİ HƏSƏNOV - VİDEO

2016-12-09 17:21:00

Fins.az Azərtac-a istinadən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni təqdim edir:

- Asiya, Avropa, Yaxın Şərq və regionun başqa ölkələri arasında tranzit mərkəzə çevrilməyə, həmçinin enerji tranziti mərkəzi olmağa çalışır. Azərbaycan bunu necə həyata keçirir və bu sahədə hansı işləri görüb?

- Qeyd etdiyim kimi, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Ötən dövr ərzində Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Ölkədə hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.

Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət vardır və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaqdır.

Həmçinin Azərbaycan özünün enerji ixracı marşrutlarını formalaşdırmış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Eyni zamanda, ölkəmiz böyük təbii qaz hasilatçısıdır və buna görə də Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün “Cənub qaz dəhlizi”nin reallaşdırılmasına - TANAP və TAP layihələrinin tikintisinə başlanılıb.

Beləliklə, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu, daxili istehsalı gücləndirməklə, həmçinin enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə öz gələcək inkişafını təmin etməyə çalışır.

- Neft-qaz gəlirlərinin azalması, qiymətlərin böyük dərəcədə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edib? Azərbaycan neft-qaz gəlirlərinin azalmasından sonra öz iqtisadiyyatını çevik və davamlı saxlamaq üçün nə etdi?

- Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib ki, neft dövrü artıq bitib və Azərbaycanın inkişafı qeyri-neft iqtisadiyyatının inkişafı ilə bilavasitə bağlıdır.

Neft-qaz gəlirlərinin azalması başqa dövlətlər kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb. Bununla yanaşı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir, əhalinin sosial təminatında hər hansı problem yaranmayıb.

Yeni şəraitdə Prezident İlham Əliyev dərin iqtisadi islahatların həyata keçirilməsini elan etdi, gəlirlərin neft-qazdan asılılığının tədricən azalmasına əsaslanan yeni iqtisadi siyasətin reallaşdırılmasına başlandı. Beləliklə, Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritetdir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması; torpaqların səmərəli istifadəsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə ixrac potensialının yüksəldilməsi; turizm sektorunun inkişafı.

Qeyd edim ki, son illər Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb. Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib.

Həmçinin son illər texnologiya və rabitə sahəsində də ciddi inkişaf vardır. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb. Ölkəmiz bu sahəni daha da inkişaf etdirməyə səy göstərir.

- Azərbaycan və ərəb dövlətləri. Əvvəllər Azərbaycan, sanki, ərəb dövlətlərindən uzaq qalmışdı. İslam Əməkdaşlıq Təşkilatının üzvü olsa da, islam dünyası ölkələri ilə əməkdaşlıqdan çəkinirdi. Lakin son dövrlərdə Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrinin inkişafının şahidi olduq, qarşılıqlı səfərlər oldu. Bilirik ki, ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün Azərbaycanın proqramı var. Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlığa can atması planının hədəfi nədir?

- Əvvəlcə onu vurğulayım ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm dəyərlərini, humanitar əməkdaşlığı ən çox təbliğ edən, islamofobiyaya qarşı ən çox çıxış edən dövlət başçılarından biridir. Azərbaycan xalqı və dövləti islam dünyasının hisslərini duyur, müsəlman xalqları ilə həmrəyliyik nümayiş etdirir, onların ağrılarına ürəkdən yanır. Azərbaycan ərəb-islam dünyasını düşündürən bütün problemləri ən çox müdafiə edən ölkələrdən biridir. Bu gün Azərbaycan bəzi Qərb dairələrinin müsəlmanlardan terrorçu obrazı formalaşdırmaq cəhdlərinə qarşı ən kəskin şəkildə çıxış edən ölkələrdəndir.

Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatı, istər başqa beynəlxalq təşkilatlar, istərsə də ikitərəfli çərçivədə islam, o cümlədən ərəb ölkələri ilə çox yüksək münasibətləri vardır. Biz bu yaxınlarda İƏT-ə üzv olan bir çox islam ölkələri ilə viza rejimini sadələşdirdik ki, bu da qarşılıqlı səfərlərə, xalqlarımızın bir-birini daha yaxından tanımasına müsbət təsir göstərəcəkdir. Son bir ilin müşahidəsi vətəndaşlarımız arasında qarşılıqlı turist səfərlərinin xeyli artdığını göstərir.

Son zamanlarda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə müştərək investisiyalar artıb. Müsəlman ölkələrindən iş adamları ticarət, sənaye, inşaat və turizm sahələrində sazişlər bağlamaq üçün Azərbaycana gəlməyə başlayıblar. Hesab edirəm ki, qarşıdan gələn dövrdə bu əlaqələr daha da intensivləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8495
  • ₽ RUB
    0.0299