BÜDCƏ

Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ yaradılır
01 DEKABR
126

Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ yaradılır

2016-12-01 14:33:00

Azərbaycanın vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb. 

Bu barədə  Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamından irəli gələn tapşırıqların icrası, intizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə, nazirlik yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf Vergi Partnyorluğu idarələri yaradılıb və artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb.

Bu idarələrin xidmət göstərəcəyi vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcəkdir. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan çoxdur.

Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.

Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcək.

İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaq.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272