BÜDCƏ

Milli Məclisdə büdcə müzakirə olunur
30 NOYABR
167

Milli Məclisdə büdcə müzakirə olunur

2016-11-30 11:35:00

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlanılıb.

“2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində büdcə gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi nəzərdə tutulub.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1 895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az proqnozlaşdırılıb.

Gələn il üçün büdcə xərclərinin ÜDM-də xüsusi çəkisinin 27,0% olması proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,0 faiz bəndi azdır.

Neft sektoru üzrə büdcə gəlirlərinin məcmu mədaxildə xüsusi çəkisi 49,2% və ya 7 855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 370,0 mln. manat və ya 14,9% azdır.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin mədaxildə payı 50,8% və ya 8 100,0 mln. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 mln. manat və ya 6,6%, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 mln. manat və ya 11,3% çoxdur.

Vergilər Nazirliyi üzrə daxilolmalar proqnozu 7 210,0 mln. manatdır və bu, cari ilin proqnozundan 200,0 mln. manat və ya 2,9%, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 mln. manat və ya 1,3% çoxdur.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390,0 mln. manat və ya 21,5% çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 mln. manat və ya 38,2% çoxdur.

2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 515,0 mln. manat və ya 19,9% azdır.

Dövlət büdcəsinə 445,0 mln. manat həcmində sair daxilolmalar gözlənilir və bu, 2016-cı illə müqayisədə 58,0 mln. manat və ya 15,0% çoxdur.

2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Əvvəlki illə müqayisədə dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 2017-ci il üçün 6,5 faiz bəndi və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,3 faiz bəndi artıb, cari xərclərin xüsusi çəkisi isə 6,8 faiz bəndi azalıb.

2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3% olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz bəndi çox) 6 686,0 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 292,4 mln. manat və ya 4,6% çoxdur.

2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 932,9 mln. manat vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinintərkibində xüsusi çəkisi 29,7% təşkil edəcək.

Dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər) üçün 1 641,8 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisə 133,3 mln. manat və ya 7,5% azdır.

Bununla yanaşı qeyd olunur ki, 2017-ci ildə büdcə kəsirinin ÜDM-ə nisbəti 1,1% təşkil edəcək.

Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri 2016-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldılıb. Belə ki, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 000,0 mln. manat, xarici dövlət borclanması - 500,0 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2016-ci ilin göstəricilərindən müvafiq olaraq 2 500,0 mln. manat və 4 500,0 mln. manat azdır.

Büdcə kəsirinin yuxarı həddi 645,0 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, xarici qrantlardan daxilolmalar və digər mənbələr (daxili və xarici borclanma, 2017-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək.

Növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır. Təqdim edilmiş məlumatlara əsasən, 2017-ci ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirləri hesabına təmin edilən rayon və şəhərlərin sayının 6-dan 33-ə çatdırılmasıdır.

2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5 559,9 mln. manat (39,3%) çox, xərcləri 20 967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3 599,4 mln. manat (14,7%) az nəzərdə tutulub.

Gələn ilki icmal büdcəsinin kəsiri isə 1 246,5 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 2,0%-i, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 617,1 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 15,7%-i həcmində olacaq.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275