BÜDCƏ

Ölkələr qarşılarına 700 milyon dollarlıq hədəf qoydular
29 NOYABR
479

Ölkələr qarşılarına 700 milyon dollarlıq hədəf qoydular

2016-11-29 09:40:00
Azərbaycanla Belarusiya arasında sazişlərin imzalanmasından sonra prezidentlər mətbuata açıqlama verib. Prezident İlham Əliyev bildirib ki, son bir ildə dünya böhranı ilə əlaqədar ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın geriləyib: Bu gün razılığa gəldik ki, – hətta rəqəmlər göstərildi, mən onları təxmini təkrarlayım, – gələn il biz əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdıra bilərik. Bu isə ən əlverişli ildəkindən demək olar ki, iki dəfə çoxdur".

Prezidentin sözlərinə görə, artıq əldə olunmuş razılaşmaların təcrübədə gerçəkləşdirilməsi müzakirə edilib, bir çox məsələlər üzrə nümayəndə heyəti üzvlərinin məlumatları dinlənilib, eləcə də müvafiq nazirlərə, həmçinin hökumətlərarası komissiyanın həmsədrlərinə tapşırıqlar verilib ki, qısa müddətdə – bir ay ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli və sürətlə artırılması barədə yeni fəaliyyət planı hazırlasınlar.

Prezident çıxışında deyib: 

Biz yaxşı qarşılıqlı fəaliyyət, birgə layihələrin reallaşdırılması tarixinə malikik. Bunların arasında əlbəttə ki, traktorların istehsalı üzrə zavod xüsusi yer tutur. Qısa müddət ərzində prezidentlərin təkcə xoş arzuları və tövsiyələri ilə Gəncədə yaradılan MAZ avtomobilləri zavodu buna nümunədir. Qısa vaxtda Belarus tərəfi bizə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən müasir super istehsal sahəsi yaratmağa böyük kömək göstərib. Biz texnika idxalından asılılığı xeyli dərəcədə azaltmışıq. Eləcə də bu gün deyildiyi kimi, istehsal olunan maşınların, mexanizmlərin, traktorların başqa ölkələrə ixracına başlamışıq.

Elm, təhsil sahəsində də böyük potensial var. Biz bu sahələrə həmişə böyük diqqətlə yanaşırıq. Elmin və təhsilin yüksək səviyyəsi olmadan heç bir ölkənin gələcəyi mümkün deyil.

Biz aqrosənaye kompleksləri sahəsində əməkdaşlıqla bağlı hərtərəfli müzakirə apardıq. Şadam ki, kənd təsərrüfatının bu sahəsində də Belarus mütəxəssisləri tərəfindən iri layihə reallaşdırılacaq. Belarus tərəfinin bu sahədə çox yaxşı təcrübəsi var.

Prezident Aleksandr Lukaşenko çıxışında bildirib: 
 
Bizdə hələ istifadə edilməyən ehtiyatlar çoxdur. İlham Heydər oğlu indicə dedi ki, biz kənd təsərrüfatında sadəcə malgöndərmələr, qarşılıqlı mübadilə layihəsi üzərində işləməyə hazır olmaqla kifayətlənməyib, burada bəzi kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq. Biz burada ən müasir müəssisə tikməyə hazırıq ki, Azərbaycandakı həmkarlarımız bu müəssisənin nə demək olduğunu öz gözləri ilə görə bilsinlər. Ola bilsin ki, bu təcrübə Azərbaycanda təkrarlanmaq üçün yarayar. Biz qarşılıqlı surətdə hazırıq ki, Azərbaycan öz mallarını Belarus bazarında daha geniş təqdim etsin. Özü də təkcə Belarus bazarında yox, – hər halda bu, Avropanın mərkəzidir, – biz Azərbaycan mallarının həm Avropada, həm də Avrasiya İqtisadi İttifaqında satışına kömək göstərməyə hazırıq. İlham Heydər oğlunun haqqında danışdığı ticarət evləri bu əməkdaşlığın inkişafı üçün yaxşı vasitə olacaq.

Biz yeni kooperativ layihələr barədə də danışdıq. Mənim fikrimcə, Azərbaycan çox düzgün olaraq pambıqçılığı inkişaf etdirmək, tütün əkini sahələrini artırmaq və gələcəkdə onu satmaq xətti götürüb. Tütün sahəsində biz artıq əməkdaşlıq edirik. Belarusda siqaret istehsalı üzrə bizim çox güclü iki şirkətimiz işləyir. Bu, ikrah doğuran istehsalatdır, lakin insanlar nədənsə siqaret çəkir və biz onlara bu cür xidmətlər göstərməyə və bu tələbatı təmin etməyə məcburuq. Biz Azərbaycana istiqamətlənmişik. Biz buradan tütün alırıq, əvəzində isə buraya siqaret göndəririk. Bu halda biz həmin siqaretin yüksək keyfiyyətli olmasına cavabdehik. Ən başlıcası, bu siqaretlər yerli tütündən hazırlanır. Əgər hansısa narazılıq yaransa deyəcəyik ki, bu, sizin tütündür. Ona görə, bu, yaxşı əməkdaşlıq istiqamətidir. Pambıq istehsalının həcminin artımı elə olacaq ki, biz 25-30 min ton, bəlkə də 40 min ton pambıq lifi ala bilərik. Mən İlham Heydər oğluna təklif etdim ki, o, bizim Baranoviçi pambıq parça kombinatı ilə kooperasiyanın mümkünlüyü məsələsini nəzərdən keçirsin. Bu, hələ sovet dövründən qalmış çox böyük kombinatdır. Bizim orada əməkdaşlıq etmək imkanımız var. Əgər Azərbaycan da bu müəssisənin kapitalına daxil olmaq istəsə, biz bunun əleyhinə deyilik. Biz buna da hazırıq.

Şərabçılıq sənayesi fəal inkişaf edir. Mən Prezidentə demişəm, bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, sizin konyak Belarusda məşhurdur. Buyurun, gəlin, biz sizin üçün bazar açarıq. Siz öz məhsullarınızı satın. Sizdə üzüm sahələrinin genişləndirilməsi də çox şeydən xəbər verir. Bizim bazar elədir ki, siz gəlib bu bazarda öz evinizdə, Azərbaycanda olduğu kimi işləyə bilərsiniz.

Burada meyvələr barədə danışdıq. Biz cənub meyvələrini praktiki olaraq başqa ölkələrdən alırıq. Azərbaycandan az alırıq. Bunu qaydaya salmaq lazımdır. Prezident düzgün irad tutdu. Bu, yaxşı deyil ki, Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan və başqa yerlərdən alırıq. Zənnimcə, bu meyvələrin Belarusda rəqibləri olmayacaq.

Neft-kimya sahəsi barədə bu gün çox danışdıq. Bu, yeni istiqamətdir. Siz çoxlu neft-kimya müəssisəsi tikirsiniz. Bizdə bu müəssisələrin məhsullarına böyük maraq var. Çünki bizdə müvafiq zavodlar, kombinatlar var, bu gün onları modernləşdiririk. Mən çox istərdim ki, xammal alışını şaxələndirərkən biz Azərbaycandan olan dostlarımızla işləyək.

Biz gözlənilmədən Belarusda Azərbaycan xalçaları istehsalı mövzusuna toxunduq. Bunlar gözəl, yüksək keyfiyyətli xalçalardır. Mən şəxsi təcrübəmdən bunu bilirəm. Prezidentə də dedim ki, nə üçün Belarusda xalça istehsal edilməsin? Prezident dedi ki, biz yun satmağa da hazırıq, Belarusda yun yoxdur. Biz iqlim şəraitinə görə Belarusda bu cür yun istehsal edə bilmirik. Bütün dünyadan yun aldığımız halda Azərbaycandan nə üçün almayaq? Gəlin bu istehsalatı birlikdə yaradaq və siz Belarus bazarı ilə yanaşı, bu cür keyfiyyətli xalça məmulatı istehsal etməyən qonşu dövlətlərin bazarına da çıxış əldə edəcəksiniz.

Bir sözlə, bu görüş bizim əməkdaşlığımızın yeni konkret istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Kənd təsərrüfatı üzrə çox maraqlı layihə olacaq. İlham Heydər oğlu bu layihəni dəstəklədi. Mən artıq dediyim kimi, biz öz müəssisələrimizdən birini sizin üçün tam hazır vəziyyətə gətirməyə, həmçinin əczaçılıq sahəsində əməkdaşlıq etməyə hazırıq. Sizin indi üzləşdiyiniz bir problemi – dərman təhlükəsizliyi problemini vaxtilə biz həll etmişik. Bu, bəlkə ərzaq təhlükəsizliyindən də vacib məsələdir. Ölkənin öz dərmanları olmalıdır. Bizdə bu sahədə problem var idi. Vaxtilə dərmanların 13-16 faizini özümüz istehsal edirdik, indi isə bu göstərici 53 faizə çatıb. Düşünürəm ki, siz də bu problemi həll edəcəksiniz. Bu, birdən-birə həll edilmir, bunun üçün vaxt lazımdır. Biz bu gün Azərbaycanın müvafiq şirkətləri ilə, o cümlədən aramızda mövcud olan böyük dostluq və etimad əsasında əməkdaşlıq etməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272