BÜDCƏ

«Bunu edəndə vergi borcunu dərhal ödəyirlər» – MÜSAHİBƏ
11 NOYABR
567

«Bunu edəndə vergi borcunu dərhal ödəyirlər» – MÜSAHİBƏ

2016-11-11 15:11:00

«Vergi borcunun qaytarılması üçün ən təsirli asitələr ölkədən çıxışa qadağa qoyulması və cinayət işi açılmasıdır». Bunu fins.az-a açıqlamasında Vergilər Nazirliyinin baş idarə rəis müavini Rəsul Hüseynov deyib. Onun sözlərinə görə, vergi borcu olan vətəndaşlara və  sahibkarlara qarşı bir sıra inzibati tədbirlər həyata keçirilir.

Vergi ödəməyənləri nə gözləyir?

Bu tədbirlərə onların ölkədən çıxışına qadağa qoyulması, bank hesabına müvafiq sərəncamların qoyulması, əmlakların siyahıya alınması və hərracda satışa çıxarılması kimi tədbirlər aiddir.

Bundan əlavə, vergi borcunu ödəməyənlərin  avtomobilinə də həbs qoyula bilir. Eləcə də vergi borcu ilə bağlı tələb həmin şəxslərin əmək haqqına və ya vətəndaşın hər hansı şirkətdə təsis payı varsa ona yönəldilə bilir. 

Aeroportda “xoşagəlməz sürpriz”

Buna baxmayaraq, ən təsirli vasitələrdən biri ölkədən çıxışı məhdudiyyət qoyuluşu ilə vergi borclarının qaytarılmasıdır. O bildirib ki, bu vasitədən beynəlxalq təcrübədə də geniş istifadə edilir: «Həm yerli, həm də xarici vətəndaşlara qarşı borcun qaytarılması üçün tətbiq edilən bu inzibati vasitə öz təsirini göstərir».

R.Hüseynov əlavə edib ki, hazırda xarici ölkələrlə biznes əlaqələri genişlənir. Adi vətəndaşlar və ya firma, şirkət sahibləri idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün  tez-tez xaricə səfər etməli olurlar. Buna görə də fiziki şəxsin özünə, hüquqi şəxs isə şirkətdirsə, onun rəhbərinin ölkədən çıxmasına müvəqqəti olaraq məhdudiyyət qoyulur.

20 mindən yuxarı borcu olanlar üçün cinayət işi

R.Hüseynov hesab edir ki, ən təsirli inzibati təsir vasitəsi cinayət məsuliyyətinə cəlb edilmədir: «Cinayət məsuliyyəti vergi borcu 20 min manatı ötdükdən sonra yaranır. Adətən bu məbləğdən yuxarı borcu olan  vətəndaşlar istintaq  müddətində vergi borcunu qaytarırlar. 20 min manatdan yuxarı vergi borcunu o şəxslər qaytara bilmir ki, onların ödəmə imkanları olmur».  

1103 nəfər ölkədən çixa bilmir

R.Hüseynov bildirib ki,  ümumilikdə vergi borclarının məbləği ilin əvvəlindən etibarən 35 % azalıb. Bu da ölkədən çıxışı məhdudiyyət qoyulması və digər inzibati vasitələrin təsiri nəticəsindədir. Hazırda ölkədən çıxışına qadağa qoyulan 1103 vergi ödəyicisi var. Bunların ümumi vergi borcu isə 177 milyon manatdan artıqdır. Ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin  410-u adi vətəndaşlar, 693 nəfər isə şirkət rəhbərləridir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275