BÜDCƏ

107 MMC yaradıb külli miqdarda vergidən yayınıblar
10 NOYABR
352

107 MMC yaradıb külli miqdarda vergidən yayınıblar

2016-11-10 11:30:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Səhadət Cəfərovun vəkili müdafiə etdiyi şəxsin barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs Elman Rəhimovun vəkili isə müdafiə etdiyi şəxsin ağır xəstəlikdən əziyyət çəkdiyini deyərək, ona daha yüngül cəza təyin edilməsini istəyib.

Hakim bildirib ki, təqsirləndirilən S.Cəfərov 7 min manata qədər ziyan vurub: “Ziyan ödənilsə, məhkəmə yüngülləşdirici halları nəzərə alacaq”.

S.Cəfərov bildirib ki, həmin məbləğdə pulu almayıb. Təqsirləndirilən şəxs Səbuhu Qazıyevin vəkili də müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini istəyib. Proses noyabrın 15-də davam etdiriləcək.

Xatırladaq ki, əvvəlki prosesdə çıxış edən prokuror Həsənağa Babayevin 8 il, Elman Rəhimovun 6 il 6 ay, Tərxan Şirinovun 6 il, Əlirza Kərimovun 4 il, Hüseyn Bayramovun 5 il, Səhadət Cəfərovun 3 il 6 ay, Elvin Əsgərovun 5 il, Səbuhi Qazıyevin 5 il, Ramşan Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 7 iyul 2011-ci il tarixdən “Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bu məqsədlə o, tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan ibarət, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq 2012-2014-cü illər ərzində həmin qruplara rəhbərlik ediblər. Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə 1270884.46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılıb. İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190550 manatı ödənilib, 363987 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub. Dəstə üzvləri Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham edilir.

Mənbə:Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275