BÜDCƏ

Elektron cinayət işi kimlərə açılacaq? – TƏQDİMAT
10 NOYABR
301

Elektron cinayət işi kimlərə açılacaq? – TƏQDİMAT

2016-11-10 10:57:00

Noyabrın 10-da Vergilər Nazirliyi digər dövlət qurumlarının iştirakı ilə “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib. Fins.az-ın məlumatına görə, tədbirdə vergilər nazirinin müavini Namiq Əliyev bildirib ki, “Elektron cinayət işi” sisteminin yaradılması dövlət başçısının bu sahədəki tapşırıqlarının icrası ilə bağlıdır və artıq bu sistem işə hazırdır.

Nazirliyin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə vergi pozuntularına və cinayətkarlığa qarşı mübarizə üçün təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin  (VCİAD) fəaliyyfəti barədə məlumat verib. Bildirib ki, “Elektron cinayət işi”nin yaradılması bu sahədə istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət, insan resurslarından daha səmərəli istifadə olunması məqsədi daşıyır.

Z.Məmmədzadə bildirib ki, “Elektron cinayət işi” vergi cinayətləri üzrə cinayət materiallarının Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

Baş idarə rəisinin sözlərinə görə, “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.

Yeni sistem bu il noyabrın 21-dən işə düşəcək, artıq bununla bağlı müstəntiq və təhqiqatçılara treninqlər keçiriləcək.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Baş Prokurorluğunun, Vergilər, Daxili İşlər, Ədliyyə nazirliklərinin, FHN-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri, bir sıra məhkəmə orqanlarının hakimləri və KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272