BÜDCƏ

Neft Fondunun "canı" dövlət büdcəsindən qurtarır?
28 SENTYABR
566

Neft Fondunun "canı" dövlət büdcəsindən qurtarır?

2016-09-28 17:52:00

Gələn il Dövlət Neft Fondundan (DNF-dən) dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib. Söhbət, təxminən, 1.5 milyard manatlıq azalmadan gedir. Nazir azalmanı dövlət başçısının tapşırıqlarının icrası kimi qiymətləndirib. DNF-dən büdcəyə 7 milyard 615 milyon manat köçürülməsi proqnozlaşdırılır.

Dövlət Neft Fondu yaradılarkən (1999-cu ildə), başlıca məqsəd belə ifadə edilmişdi: "Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması".

2001-2015-ci illərdə bütövlükdə DNF xərclərinin 91 faizi dövlət büdcəsinə transfertlərdir. Bu köçürmələrin dövlət büdcəsi gəlirlərində payı 2003-cü ildə 8.2 faizdən 2011-2012-ci illərdə ən yüksək – 57.3 faizə yüksəlib. 2015-ci ildə bu rəqəm 46.4 faiz olub.

Dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü (manatla):

2003 – 100 milyon

2004 - 130 milyon

2005 – 150 milyon

2006 – 585 milyon

2007 – 585 milyon

2008 – 3 milyard 800 milyon

2009 – 4 milyard 915 milyon

2010 – 5 milyard 915 milyon

2011 – 9 milyard

2012 – 9 milyard 905 milyon

2013 – 11 milyard 350 milyon

2014 – 9 milyard 337 milyon

2015 – 8 milyard 130 milyon

İqtisadçı ekspert Azər Mehtiyev fonddan dövlət büdcəsinə transfertin azaldılmasını alqışlayır: "İndiki halda bunu məcburi addım saymaq olar. Son 2 ildə baş verənlər dövlət büdcəsinin neft gəlirlərindən, xüsusən DNF-dən asılılığının azaldılmasını zəruri edib. Görünən budur ki, hökumət dövlət büdcəsinin xərclərini azaltmağa və büdcənin qeyri-neft gəlirlərinin səviyyəsinə uyğunlaşdırmağa çalışır".

Mənbə: Azadlig.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272