BÜDCƏ

Azərbaycan şəffaflıq və məlumat mübadiləsi sahəsində etibarlı tərəfdaşdır
07 SENTYABR
238

Azərbaycan şəffaflıq və məlumat mübadiləsi sahəsində etibarlı tərəfdaşdır

2016-09-07 11:26:00
«Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum»da
Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir 
 
Zaur FƏTİZADƏ,
Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi
Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Ölkə başçısının «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» 4 avqust 2016-cı il tarixli sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən etmişdir. Sərəncamda sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində beynəlxalq təcrübənin daha geniş tətbiq edilməsi, eləcə də vergi sistemində şəffaflığın daha da artırılması, vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə edilməsi kimi hədəflər müəyyən edilmişdir. Hazırda Vergilər Nazirliyi sərəncamın icrası ilə bağlı genişmiqyaslı işlər aparır.

Şəffaflığın artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə indiyədək ölkəmizdə kompleks tədbirləri əhatə edən fəaliyyət planları uğurla icra edilmiş, vergi sistemində də köklü islahatların aparılması, vergi qanunvericiliyi və inzibatçılığının beynəlxalq standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi, innovativ və geniş elektron xidmətlər sisteminin yaradılması təmin olunmuşdur. Bütün bunlar isə öz növbəsində vergi sistemində idarəetmə və nəzarət mexanizmlərinin səviyyəsini yüksəltməyə, vergi münasibətlərinin tənzimlənməsi sahəsində çevik siyasət həyata keçirməyə, ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə, beynəlxalq təşkilatların və xarici dövlətlərin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradılmasına və səmərəli məlumat mübadiləsi sisteminin qurulmasına imkan vermişdir.

Məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi

Vergilər Nazirliyi məlumat azadlığına və məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübə və standartların öyrənilməsi və tətbiqi üçün vergi inzibatçılığı sahəsində baş verən qlobal proseslər yaxından izlənilir, aidiyyəti beynəlxalq və regional təşkilatlarla, inkişaf etmiş dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq genişləndirilir.

Bir çox nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, G8, G20, Avropa Şurası və Avropa İttifaqı tərəfindən tövsiyə edilən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanmış «Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı» OECD-nin Model Vergi Konvensiyasının 26-cı maddəsində və 2002-ci il tarixli Vergi məsələləri üzrə Məlumat Mübadiləsi Model Sazişində əksini tapmışdır. Bu standartın tətbiqinə nail olmaq məqsədilə 2009-cu ildə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum» yaradılmışdır. Artıq dünyanın 134 ölkəsi 2010-cu ildən de-fakto müstəqil təşkilat kimi fəaliyyət göstərən bu qurumun üzvüdür. Bundan əlavə, Forumda 9 beynəlxalq və regional təşkilat - BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnter-Amerika İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Birlik Ölkələrinin Katibliyi müşahidəçi qismində təmsil olunurlar.

Foruma üzvlük dövlətlərin, ilk növbədə, məlumat mübadiləsi haqqında müqavilələr üzrə danışıqlar aparmaq, təmsil olunan beynəlxalq maliyyə qurumları ilə məlumat mübadiləsi etmək imkanlarını artırır. Forum vergi məqsədləri üçün şəffaflığın artırılması üzrə zəngin ekspertiza mənbəyidir. Bir üzv dövlət digərinin aidiyyəti qanunvericiliyinin təhlilinə cəlb olunur ki, bu da dəvət edilən ölkəyə gələcəkdə öz qanunvericiliyini təkmilləşdirən zaman faydalı ola bilər.

Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir.

Azərbaycanın Qlobal Foruma üzvlüyü və qiymətləndirilməsi

Azərbaycan Respublikası Qlobal Foruma 2013-cü il fevralın 26-da üzv olmuş və bununla da məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul etmişdir. Bu öhdəliyə aşağıdakılar daxildir:

· beynəlxalq müqavilələrin müddəalarının, tərəfdaş ölkənin yerli qanunlarının tətbiqi üçün müvafiq məlumatların əldə olunması məqsədilə həmin ölkənin müraciəti əsasında məlumat mübadiləsinin aparılması;

· məlumat mübadiləsinə bank sirri və yerli vergi maraqları tələblərindən irəli gələn heç bir məhdudiyyətin qoyulmaması;

· etibarlı məlumatın mövcudluğu və onu əldə etmək gücünün olması;

· mübadilə olunan məlumatların tam məxfiliyinin qorunması.

Azərbaycan üzrə qiymətləndirmənin birinci mərhələsinə 2014-cü ilin dekabr ayında başlanılmış, hazırlanan hesabat layihəsi Qlobal Forumun 21-24 sentyabr 2015-ci il tarixli 21-ci iclasında müzakirə edilmişdir. Nəticədə Azərbaycanda vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi barədə qərar qəbul edilmişdir.

Ötən ilin dekabrında başlanmış ikinci mərhələ çərçivəsində Qiymətləndirmə Qrupunun üzvləri ölkəmizə səfər etmişlər. Mart ayında baş vermiş səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə Vergilər Nazirliyi və digər səlahiyyətli qurumların nümayəndələri ilə görüşlər keçirmiş, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olmuş, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçirmişlər. Qiymətləndiricilər Vergilər Nazirliyində 2006-cı ildən tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) alt modullarının funksiyaları və məlumatların mühafizəsi sistemi ilə də yaxından tanış olmuşlar. Ekspertlər bir daha əmin olmuşlar ki, şəffaflığın təmin edilməsinin əsas amillərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının vergi sistemində tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması Azərbaycanda xüsusi diqqətdə saxlanılan sahələrdəndir.

Xarici dövlətlərdən göndərilən sorğuların nazirlikdaxili icrasının, eləcə də icraya nəzarətin təşkili və sorğuların əksəriyyətinin qəbul edilmiş beynəlxalq normadan (90 gün) daha az müddətdə - 60 gün ərzində cavablandırılması ilə bağlı faktiki göstəricilər ekspertlərin diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, beynəlxalq sorğularla bağlı bir çox məlumatların Vergilər Nazirliyinin məlumat bazalarında toplanması, digər dövlət qurumları ilə inteqrasiya sisteminin mövcudluğu sorğuların qısa müddətdə və keyfiyyətlə cavablandırılmasına imkan yaradır. Bu isə beynəlxalq sorğunu göndərən dövlətlərdə aparılan vergi nəzarətinin qısa müddətdə həyata keçirilməsinə, nəzarət tədbirlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Bununla yanaşı, sorğu olunan subyektlər barədə məlumatların xüsusi təhlükəsizlik şərtləri altında mühafizəsi həm beynəlxalq öhdəliyin yerinə yetirilməsi, həm də qarşı tərəflərin maraqlarının qorunmasına xidmət edir.

Qlobal Forumun qiymətləndiricilərinə məlumat verilmişdir ki, vergi inzibatçılığının avtomatlaşdırılması və nazirlik daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəticəsində Vergilər Nazirliyi 2015-ci ildə İSO/İEC 27001:2013 «İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri» beynəlxalq standartı sertifikatına layiq görülmüşdür.

Qaydalara uyğun olaraq, Qiymətləndirmə Qrupunun hazırladığı hesabat layihəsi ilkin mərhələdə baxılması üçün artıq Vergilər Nazirliyinə təqdim edilmişdir. Layihənin müddəalarının müzakirəsi və zəruri təkliflərin bildirilməsi üçün nazirliyin nümayəndə heyəti Qlobal Forumun 2016-cı ilin 20-24 iyun tarixlərində Norveçin Oslo şəhərində təşkil olunmuş 23-cü iclasında iştirak etmişdir. Forumun rəhbərliyi və Qiymətləndirmə Qrupunun üzvləri ilə keçirilmiş görüşlər zamanı qiymətləndiricilərin sualları cavablandırılmış, hesabatın yekunlaşdırılması üçün zəruri olan əlavə məlumatlar təqdim edilmişdir. Nəticədə qiymətləndirmənin ikinci mərhələsinin hesabat layihəsində də Azərbaycanın vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qanunvericilik və inzibatçılıq sistemlərinə müsbət rəy verilmişdir. Ölkə hesabatının cari ilin sentyabr ayında Qiymətləndirmə Qrupunun 24-cü iclası zamanı geniş müzakirəsi nəzərdə tutulur. Müzakirə Qlobal Forumun rəhbərliyinin, Qiymətləndirmə Qrupunun 30 ölkəni təmsil edən üzvlərinin, qiymətləndiricilərin və Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.

Etibarlı yurisdiksiya status və yüksək reytinqin üstünlükləri

Hazırda Qlobal Foruma üzv olan dövlətlərin 94-də yurisdiksiya üzrə qiymətləndirmənin hər iki mərhələsi yekunlaşmışdır. Həmin yurisdiksiyalardan 60 faizdən çoxu, o cümlədən Birləşmiş Krallıq, Almaniya, İtaliya, Niderland, Lüksemburq və digər dövlətlər «Əsasən uyğundur» reytinqi almaqla vergi sahəsində şəffaflıq və mə­lumat mübadiləsi üzrə beynəlxalq standartın alınmasına müvəffəq olmuşlar. Rəsmi təsdiqdən sonra Azərbaycanın bu ölkələr sırasına qoşulması ölkəmizin beynəlxalq arenada şəffaflıq və məlumat mübadiləsi üzrə etibarlı və fəal tərəfdaş kimi rolunu daha da gücləndirəcək.

Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, əlverişli investisiya mühiti və şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzun daha da artırılması imkanları qeyd olunmalıdır. Ölkənin investisiya potensialının dünya miqyasında tanıdılması ilə xarici investisiyaların cəlbinin stimullaşdırılması və genişləndirilməsi, eləcə də Azərbaycanın bütün maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda etibarlı partnyor kimi tanınması xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş imicini daha da yüksəldəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272