BÜDCƏ

Bütün sərhəd buraxılış məntəqələrində “Tax free” olacaq
08 AVQUST
201

Bütün sərhəd buraxılış məntəqələrində “Tax free” olacaq

2016-08-08 11:30:00

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Prezident sərəncamına əsasən,“Tax free” sistemi bütün sərhəd buraxılış məntəqələrində tətbiq olunacaq. Xatırladaq ki, ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“Tax free”) hazırda yalnız hava limanında işləyir.  

İqtisadçı Qalib Toğrulun fikrincə, Azərbaycan “Tax free” məsələsində gecikib. "Bu, əcnəbi turistləri cəlb eləmək üçün bütün dünyada istifadə olunan çox populyar alətdir. Hazırda sistemin ilkin olaraq hava limanında qurulması həyata keçirilir". Prezident ötən ayın 12-də «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası»nı təsdiq edib. Qaydaya görə, sistemin operatoru Vergilər Nazirliyidir. Proqram təminatını, xdiməti, müvafiq sistemlerin inteqrasiyasını o həyata keçirəcək. ƏDV-nin qaytarılması bütün mağazalardan alınan mallara şamil edilmir. Yalnız Vergilər Nazirliyindən “Tax free” stikeri alan, yəni bu fəaliyyəti həyata keçirmək üçün Nazirlikdə qeydiyyatdan keçən pərakəndə satış müəssiəsi müvafiq xidməti göstərə bilər. Belə müəssisənin vergi borcu olmamalıdı, kassası və post-terminalı olmalıdı. 

Q.Toğrul bildirib ki, əcnəbi turist əgər ölkəni tərk edərkən ödədiyi ƏDV-ni geri almaq istəyirsə, mütləq malı aldığı yerdən 2 nüsxədə elektron vergi hesab fakturası (VHF) götürməlidir. Onu ölkədən çıxararkən gömrük orqanına təqdim edib, pulunu geri almalıdır. VHF-nın biri gömrükdə, digəri isə turistdə qalır. Bir VHF-dakı məbləğ ən azı 300 manat (ƏDV ilə birlikdə) olmalıdır. Nağd və köşürmə yolu ilə qaytarılması nəzərdə tutulan ƏDV-nin 20 faizini Vergilər Nazirliyi xidmət haqqı kimi tutacaq, pulu qaytaran bank isə həmin məbləğdən komissiya haqqını çıxacaq. 
Çox güman ki, ilkin olaraq hava limanında müvafiq infrastruktur, o cümlədən proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra onun bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.
Bütün sərhəd-buraxılış məntəqələrində bu sistemin qurulması çox vacibdir. Çünki ölkəmizə daxil olan və sərhədlərimizi tərk edən əcnəbilərin heç də hamısı hava nəqliyyatına üstünlük vermirlər. 

"Bircə faktı deyim ki, bəzi xarici ölkələrin vətəndaşları üçün sərhəddə viza alınması qaydasının tətbiqinin yalnız hava limanında həyata keçirilməsi çox kəskin problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Nə qədər təəssüfedici olsa da, onları sərhəddə düşürüb geri qaytarırdılar", deyən ekspert xüsusilə, qatarla ölkəmizə Gürcüstandan daxil olan xaricilərin belə problemlə qarşılaşdıqlarını vurğulayır. 
Elektron sistemdən söz düşmüşkən, ekspert hesab edir ki, Bakı Dəmiryol Vağzalında da hava limanındakı kimi müasir avadanlıqlar qurulmalı, vağzalın müvafiq sistemlərə inteqrasiyası təmin edilməli və bilet satışı sivil qaydada həyata keçirilməlidir. Hazırda xarici ölkələrə gedən qatarlara internetlə elektron bilet satışı həyata keçirilsə də, sonradan onun kağız əsasda alınması ilə bağlı dəmiryolu vağzalında problemlər hələ də var. Ümid edək ki, bu problem də tax free-nin hesabına (bu iki məsələ arasında birbaşa əlaqə olmasa belə) həllini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275