BÜDCƏ

Vergilər Nazirliyi hərəkətə keçdi - KOLLEGİYA
06 AVQUST
1961

Vergilər Nazirliyi hərəkətə keçdi - KOLLEGİYA

2016-08-06 15:35:00

Avqustun 5-də Vergilər Nazirliyində ölkə rəhbərliyi tərəfindən vergi sahəsində islahatların başlanması ilə əlaqədar qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

Nazirlikdən fins.az-a verilən məlumata görə, iclasda prezident İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» 4 avqust 2016-cı il tarixli sərəncamındakı tapşırıqlar müzakirə edilib.

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov son 10 ildə ölkədə bu sahədə görülən işlər onların nəticələri barədə məlumat verib. Nazir qeyd edib ki, indiyədək görülən işlərin nəticəsində 2015-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 7 118,2 milyon manat vergi yığılıb. Bu məbləğin 2 089,9 milyon manatı (29,4%) neft sektorundan, 5 028,3 milyon manatı isə (70,6%) qeyri-neft sektorundan daxil olub. 2016-cı ilin ilk yarım ilində isə ümumilikdə 3 190,1 milyon manat toplanıb, bunun 2 495,4 milyon manatı və ya 78,2%-i qeyri-neft sektorundanq daxil olub. Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan yığılan vergilər 9,7% artıb.

Nazir deyib ki, Nazirlər Kabinetinin ilk yarım ilin nəticələrinə həsr edilmiş iclasda prezident İlham Əliyev vergi sahəsində ciddi islahatlar aparıldığını, bunun biznes tərəfindən hiss edildiyini, eləcə də vergi orqanlarının proqnozdan 2 faiz artıq vergi yığılmasını qeyd edib. Bununla yanaşı dövlət başçısı vergi yığımlarını artırmaq üçün əlavə imkanların olduğunu da bildirib və bu ehtiyatların aşkarlanması, eləcə də ilin sonunadək vergi sektorunun tamamilə şəffaflaşması barədə tapşırıq verib.

Vergilər naziri ölkə başçısının avqustun 4-də imzaladığı «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» Sərəncamına toxunaraq bildirib ki, buradakı işlər ilin sonunradək həyata keçirilməlidir. Bura vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə tədbirlər və s. aiddir. Nazir bildirib ki, ölkə başçısının vergi islahatları ilə bağlı tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tədbirlər planının təsdiq edilməsinə zərurət yaranıb.

Kollegiya iclasında vergilər nazirinin müavinləri, o cümlədən struktur vahidlərinin rəhbərləri görülən işlər barədə məruzələrlə çıxış edib, Sərəncamdan irəli gələn məsələlərlə bağlı görülməli işlər ətrafında müzakirələr aparılıb, cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Aparılan müzakirələrin nəticəsi olaraq Vergilər Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası ilə bağlı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planı” qəbul edilib. Vergilər naziri Fazil Məmmədov Tədbirlər Planından irəli gələn məsələlərin icrası, habelə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272