BÜDCƏ

Yeni inkişaf modelində vergi siyasətinin rolu - MƏQALƏ
15 İYUL
375

Yeni inkişaf modelində vergi siyasətinin rolu - MƏQALƏ

2016-07-15 13:10:00

İqtisadi islahatlara başlayan dövlət ilk növbədə öz tənzimləyici rıçaqlarını işə salmağa başlayıb. Hökumət monetar və fiskal siyasətinə yenidən baxaraq, inkişaf istiqamətləri üzrə onlara korrektələr edir. İnkişaf etmiş ölkələrdə hər iki iqtisadi alətin bir-birini tamamlaması və vahid kursa xidmət göstərməsi mühüm amildir.

2015-ci ilin ortalarından neftin kəskin ucuzlaşması Azərbaycanda dövlət büdcəsinə daxilolmalarda azalmaya səbəb olduğundan hökümət qeyri-neft sektorunun inkişafı sahəsində başladığı tədbirləri daha da sürətləndirməli oldu. Qeyri-neft sektorunun inkişafına hədəflənən yeni iqtisadi modelin yaranmasında ən güclü təsiredici vasitə kimi ilk olaraq vergi tənzimləməsi ön plana keçdi. 

24 minə yaxın vergi ödəyicisinə “amnistiya”

İqtisadiyyatda dayaq funksiyasını daşıyan kiçik sahibkarlığın inkişafı üçün atılan ilk addım doğrudan da təqdirəlayiq oldu. Beləki, vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıldı. Üstəlik, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldı. Nəticədə 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı qazandılar. Ekspertlərin yanaşmasına görə, bu addım işçi sahibkarların qorunması üçün çox mühüm əhəmiyyət daşıyır.

Nazirlik isə bu islahatın həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artırmasına xidmət etdiyi qənaətindədir. Bunu təsdiqləyən statsitika da var: 2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi ilə nəticələnib. Araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, bir sıra  vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib.

Xüsusi əhəmiyyət daşıyan amillərdən biri də Nazirliyin artıq səyyar deyil, kameral qaydada vergi yoxlamalarına üstünlük verməsidir. Bu - sahibkarın vergi müfəttişi ilə qeyri-rəsmi sövdələmlərinin qarşısının alınmasında mühüm amillərdən biridir. Beləki, distant təhlillərə əsaslanan kameral vergi yoxlamaları sahibkarların biznes fəaliyyətinə ciddi maneçilik törətmədən vergilərin hesablanmasına, hər hansı nöqsanların tez aradan qaldırılmasına imkan verir.

Nəticədə hər iki tərəfin vaxtı uzun-uzadı məhkəmə çəkişmələrinə deyil, öz işlərinin icrasına sərf edilir. Vergilər nazirliyi isə kameral yoxlamalar üzrə ən mühüm nəticə kimi büdcə daxilolmalarının artdığını qeyd edir. Yəni bəzi hallarda səlahiyyətli məmurun cibinə daxil olan vəsait indi dövlət büdcəsinə yönəlir.

Ümumiyyətlə, vergi uçotunun şəffaf və düzgün aparılması bugün Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox mühüm, hətta əlahiddə mahiyyət daşıyır. Ölkədə qeyri-leqal istehlak bazarının səviyyəsinin yüksək olması həm dövlət büdcəsinə, həm də onun iqtisadi siyasətinin müəyyənləşdirilməsinə ciddi zərbə vurur.

Məsələ bundadır ki, statistikada yaranan yanlışlıq sonda bu sahədə atılan hər hansı iqtisadi addımın effektivliyini azaldır. Ekspertlərin fikrincə, Azərbaycanın monetar siyasətində yol verilən bəzi nöqsanların səbəblərindən biri də gizlədilən və bu yolla həm də vergi uçotundan yayınan mal və əmtəə dövriyyənin səviyyəsinin hələ də müəyyən limitləri keçməsindədir. 

Pərakəndə ticarətdə “pərakəndə vergi tutma”nın ləğvi

Dövriyyənin gizli qalmasında və vergi uçotundan yayınmada isə pərakəndə ticarətin xüsusi payı var. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında pərakəndə ticarəti “bəlalı sahə” adlandıran mütəxəssislər bu istiqamətdə həyata keçirilən vergi islahatlarınım mühüm əhəmiyyət daşıdığını qeyd edirlər. Belə ki, bu halda, sadələşdirilmiş vergi ticarət fəaliyyəti ilə məşğul olanlar 6%, iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8% dərəcəsi ilə vergi ödəyirlər.

Ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manat və ondan az olduqda sadələşdirilmiş vergi Bakıda  4%, digər yerlərdə 2% dərəcə ilə ödənilir. 200 min manatdan artıq olduqda isə onlar öz seçimi ilə ya ƏDV məqsədləri üçün qeydiyyata alınmaq üçün vergi orqanına ərizə verir, ya da ki, vergini ticarətdə 6% və iaşədə 8% ilə ödəmək şərtini seçirlər.

Bu zaman o da nəzərə alınmalıdır ki, vergi faizləri fəaliyyətin həyata keçirildiyi yerdən asılı olmayaraq dəyişməz qalır. Pərakəndə bazarda yürüdülən yeni qaydalar həm də sahibkarlar üçün yeni imkanlar açır. Belə ki, yerli sahibkarlar yəni, ölkə daxilində istehsal və ya xidmət təqdim edən biznesmenlər sadələşdirilmiş vergi sisteminə önəm verirlər. İdxal üzrə çalışan sahibkarlar isə ƏDV (18%) ödəyici kimi qeydiyyata düşməyə üstünlük verirlər. Göründüyü kimi, vergi siyasəti yerli istehsalçını dəstəkləmək funksiyası daşıyır. Eyni zamanda bu islahat kiçik sahibkarların vergi yükünün azaldılmasına və onların vergi planlamasına böyük töhfə vermiş oldu. 

Tikintidə “vergi inqilabı”

Əgər nəzərə alsaq ki, tikinti iqtisadiyyatda “qan” funksiyasını daşıyır, Vergilər Nazirliyinin bu sahədə apardığı tənzimləmə və vergi siyasətini mütəxəssislər “Vergi inqilabı” adlandırmaqdan çəkinmirlər. Istehlakçıların aldadılması, vergidənyayınma və digər qanun pozuntularının qarşısının alınmasında yeni qaydalar xüsusi əhəmiyyət daşıyır.

Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. İndi isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Tikilən binalar üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi (yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla) vergitutma obyektidir.

Bu dəyişikliklərin arasında daşınmaz əmlakın satışından əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi də yer alır. Yeni qaydalarda bu proses indi daha da sadələşdirilib və vergi yükü əhəmiyyətli şəkildə azaldılıb. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi İlkin Vəliyevin sözlərinə görə, dəyişiklikdən əvvəl mənzillərin və digər daşınmaz əmlakların satılmasından əldə edilən gəlirlər üzrə vergi orqanına bəyannamə təqdim edilməklə vergi ödənilirdi.

Əksər hallarda bu mənzillərin alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlər olmurdu. Nəticədə alqı-satqı əməliyyatlarından əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində müəyyən çətinliklər yaradırdı. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, mənzil satışı zamanı müqavilələri təsdiq edən notariuslarda sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim olunması nəzərdə tutulur. Bu isə vətəndaşların vergi uçotuna alınması və vergi bəyannaməsinin təqdim edilməsi zərurətini aradan qaldırmış oldu.

Mənzillərin satışı hər kvadratmetr sahəyə görə 15 manata müvafiq əmsallar tətbiq etməklə ödənilir. Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Beləliklə, bu sahədə tam şəffaf bir sistem quruldu. 

Kənd təsərrüfatına “yaşıl işıq”

Yeni vergi siyasəti ölkədə perspektivli sahə olaraq inkişafı nəzərdə tutulan kənd təsərrüfatından da  yan keşməyib, bu sahəyə müəyyən vergi güzəştləri tətbiq edilib. Məlum olduğu kimi aqrar sektorun inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2019-cu ilin 1 yanvar tarixinədək torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad ediliblər. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri isə Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən başlayaraq müddət qoyulmadan gəlir vergisindən azad olunmuşdur. Bütövlükdə kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində təkcə son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. 

“e-Audit”ə keçid

Artıq 3 ildir ki, tətbiq olunan e-Audit nəticəsində bir vergi ödəyicisinə sərf olunan vaxt və insan resurslarının həcmi əsaslı şəkildə azalıb, vergi yoxlamalarının səmərəliliyi əhəmiyyətli şəkildə artıb. İntizamlı vergi ödəyicilərinin sosial, kommersiya prestiji artır, həmçinin e-audit texnologiyalarını tətbiq etmiş vergi orqanları vergidən yayınan bütün vergi ödəyicilərinin aşkar olunması üzrə böyük imkanlar əldə edirlər, nəticədə vergi intizamı artır. Büdcə daxilolmalarının artımı könüllü əməletmə dərəcəsinin sürətli artması və vergi inzibatçılığının cari xərclərinin azalması nəticəsində təmin olunur. 

Struktur islahatları davam edir

Vergi sistemində başlanan struktur islahatları bütövlükdə vergi xidmətinin bütün həlqələrini əhatə etməklə yeni idarəetmə prinsipləri və idarəetmə modeli təsbit olundu. Təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə respublikanın ərazisində ümumilikdə 62 rayon və şəhər vergi orqanları ləğv edildi. Mərkəzi icra hakimiyyəti orqanı olan Vergilər Nazirliyinin hazırkı strukturuna Vergilər Nazirliyinin aparatı, Vergilər Nazirliyi yanında 4 Departament, 3 Ərazi Vergilər Departamenti, 9 Ərazi Vergilər İdarəsi, 10 rayon Vergilər Şöbəsi daxildir.

Bunlarla yanaşı, vergi inzibatçılığının növbəti – daha üst səviyyəyə çatdırılması məqsədilə vergilər nazirinin 9 dekabr 2015-ci il tarixli əmrinə əsasən “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə” Komissiya yaradıldı. 

Hədəf – iqtisadi inkişafdır

Son illər həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri vergitutma bazasını genişləndirmək və vergi dərəcəsini aşağı salmaqla vergi güzəştlərinin və vergidən azadolmaların sayını minimuma endirməkdir.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin nəticəsi kimi yalnız iqtisadiyyatın prioritet sahələri nəzərə alınmaqla Vergi Məcəlləsində bir sıra vergi güzəştləri təsbit edilib. Həmin güzəştlər əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına, sənaye, yaxud texnologiyalar parklarının rezidentlərinə, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə tətbiq edilir.

Vergilər Nazirliyi bildirir ki, hazırda müxtəlif istiqamətlər üzrə işlər aparılır. Belə ki, iqtisadiyyata investisiya qoyuluşunun və innovasiya fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması, vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulub. Vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi, ƏDV-nin differensial dərəcələrinin tətbiqi planlaşdırılır. Sahibkarlığını inkişafı üçün əlverişli şəraitin yaradılması, transfer qiymətlərinin tətbiqi, nağdsız ödənişlərin stimullaşdırılması, elektron ticarətin, o cümlədən internet üzərindən göstərilən xidmətlərin vergiyə cəlb edilməsi və fərdi peşə fəaliyyətinin vergiyə cəlb edilməsi də əsas hədəflərdir.

Bütün bunlar biznes və sahibkarlara əlavə yük yaratmadan büdcə gəlirlərinin artırılmasına imkan verəcək. 

Şəffaf «oyun qaydaları»

Amma vergi islahatının ən mühüm əhəmiyyəti bu sahədə qərar qəbul edilməsi prosesinin biznes və sahibkarlar üçün tamamilə şəffaflaşdırılması, başqa sözlə, «oyun qaydaları»nın hamıya aydın olmasıdır. Xüsusilə elektron audit sisteminin tətbiqi iş adamlarına yoxlamalar barədə qərarların hansı prinsiplə verildiyini izləməyə imkan verir. Bu isə biznesin fəaliyyətinin daha səlis və ədalətli tənzimlənməsinə şərait yaradır. Nəticədə təkcə vergi yığımları deyil, həm də investorlar və sahibkarlar tərəfindən vergi sisteminin işinə etimad da yüksəlir və gələcək investisiyalar üçün inam yaradır. Bu isə büdcənin doldurulmasından daha mühüm məsələdir.

Vergi ödəyicisi İlhamə Abdullayeva

Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir” 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272