BÜDCƏ

Vergidən yayınanlar yeni üsulla tapılacaq
10 İYUN
248

Vergidən yayınanlar yeni üsulla tapılacaq

2016-06-10 09:57:00

Vergilər Nazirliyi vergidən yayınma hallarının vaxtında aşkar edilməsi və vergilərin toplanması üçün yeni üsullar tətbiq etməyə başlayıb. Nazirlikən fins.az-a verilən məlumata görə, vergi ödəyicilərinin risk meyarları üzrə qiymətləndirilməsi və vahid mərkəzdən idarə edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yeni «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinin tətbiqinə başlanılıb. 

“Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin və vergi potensialının daha dəqiq qiymətləndirilməsini təmin edir. Bu sistem istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş vergidənyayınma hallarının dəqiqliklə yoxlanılmasına və səmərəli tədbir görməyə imkan verəcək. 

Bununla da, vergidən yayınan heç bir vergi ödəyici nəzarətdən kənarda qalmayacaq. Eyni zamanda vergidən yayınmayan ödəyicilərə qarşı tədbirlər görülməyəcək. “Risklərin idarə edilməsi” aləti belə işləyir: aşkar edilmiş risk üzrə, hər şeydən əvvəl, onun dürüstlüyü, sonra isə vergitutma potensialı (yəni nə qədər yayınmanın olması) qiymətləndirilir. 

Bundan sonra, sistem vəziyyətə uyğun olaraq 3 növ vergi nəzarəti tədbirindən birini seçərək bu tədbiri görməyi müvafiq vergi orqanına həvalə edir. Nəzarət tədbirləri - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiridir. Başqa sözlə, vergi ödəyicisində yoxlamanın aparılıb aparılmayacağını və ya hansı formada aparılacağını sistem özü müəyyən edir. 

“Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkarlanmış elə risklər mövcud ola bilər ki, vergidənyayınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zərurəti yaransın. Bu halda səyyar vergi yoxlamasının təyin edilməsi məqsədəmüvafiq hesab olunur.

Bundan başqa, həmin alət vasitəsilə hər hansı bir vergi ödəyicisinin dövriyyəsinin biznes ölçüsü və yerləşdiyi məkan nəzərə alınmaqla analoji fəaliyyətlə məşğul olan ödəyici ilə müqayisədə kəskin fərqləndiyi aşkar edilərsə, həmin tip vergidənyayınma halları ilə əlaqədar xronometraj metodu ilə müşahidələr aparıla bilər. 

Vergi nəzarəti tədbirlərinin təyin edilməsi “Risklərin idarə edilməsi” aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcəkdir. Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır. 

“Risklərin idarə edilməsi” aləti vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq, təyin ediləcək vergi yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274