BÜDCƏ

“Palata kreditləşməni məhdudlaşdırmaqda gecikib” – “MOODY`S”
31 MAY
420

“Palata kreditləşməni məhdudlaşdırmaqda gecikib” – “MOODY`S”

2016-05-31 12:38:00

Azərbaycanın bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var. Fins.az xəbər verir ki, bunu "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidentləri Mariya Malyukova və Petr Paklin bildirib.

"Bakıya səfər etmək üçün biz reytinq verdiyimiz Azərbaycan banklarının stress-testini apardıq. Bu bankların aktivlərinin ümumi həcminin bazarda payı 57% təşkil edir. Biz stress-testlərimizi iki ssenari üzərində qurduq. Birinci ssenari baza adlanır və daha realdır. O, bizi suveren analitiklərimizin makroiqtisadi proqnozları üzərində qurulub. Bizi analitiklər hesab edir ki, 2016-cı ildə ÜDM 3,3% azalacaq. Bundan başqa, baza ssenarisi bizim problemli kreditlərlə bağlı proqnozlarımıza əsaslanır. Bizim proqnozumuza əsasən, bu ilin sonunadək sistem üzrə problemli kreditlərin həcmi 20%-dək artacaq. Təbii ki, biz Azərbaycan Beynəlxalq Bankının 500 milyon manatlıq kapitallaşma ilə bağlı planlarını nəzərə almışıq. İkinci ssenari alternativ adlanır və daha stressli ehtimallara əsaslanır. Bu ssenari ÜDM-in 8% azalması ilə bağlı makroiqtisadi proqnoza və sistem üzrə problemli kreditlərin 35%-dək artması ilə bağlı gözləntilərə əsaslanır. Nəticə göstərir ki, kapitallaşma səviyyəsi neqativ zonaya, daha dəqiq desək -2,8% səviyyəsinə düşüb. Başa düşdüyünüz kimi, söhbət daha faciəvi ssenaridən gedir. Aydındır ki, bu halda sistemin ciddi əlavə kapitallaşmaya ehtiyacı var. Təbii ki, əsas vurğunu baza ssenarisinə etmək lazımdır", - deyə M. Malyukova bildirib.

M. Malyukova əlavə edib ki, iki devalvasiya dalğasına baxmayaraq "bəzi banklar özlərini olduqca rahat hiss edir" və gəlirliliyini qoruyur: "Lakin söhbət tək-tük bankdan gedir. Beynəlxalq Bank sağlamlaşdırılır. Devalvasiyadan ciddi zərər çəkən bəzi bankların əlavə kapitallaşmaya ehtiyacı var. Bizim proqnozlarımıza əsasən, bu tip bankların kredit portfeli daralmağa davam edəcək. Bundan başqa, onlar səhmdarlardan kömək istəmək məcburiyyətindədir. Yeri gəlmişkən, biz bu mövzuda bəzi banklarla söhbətləşmişik və onlar bildirib ki, bu istiqamətdə aktiv danışıqlar aparılır". Bank sektorundakı dollarlaşmaya toxunan vitse-prezident qeyd edib ki, 2015-ci ilin sonuna depozitlərin 82%-i xarici valyutada yerləşdirilib və bu,MDB ölkələri arasında ən yüksək göstəricidir. "Eyni zamanda, cari ilin birinci rübündə biz xarici valyutada yerləşdirilən depozitlər üzrə faiz dərəcəsinin aşağı salındığının, manatla olan depozitlər üzrə faiz dərəcəsinin artırıldığının şahidi olduq. Bu, azacıq da olsa dedollarizasiyaya səbəb oldu. Başqa sözlə, əmanətçilərin 1-2%-i dollarda olan əmanətlərini manata çevirdi. Bununla yanaşı, situasiya hələ də volatildir. İki devalvasiya dalğasından sonra manata inam itib. Əmanətçilərin çoxu bütövlüklə konvertasiya etməkdən çəkinirlər. Vəziyyətin stabilləşməsi və manata inamın bərpa olunması üçün bir qədər vaxt lazımdır", - deyə o qeyd edib.

Öz növbəsində P. Paklin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının siyasəti daha proqnozlaşdırılan, aydın olmalıdır: "Gözlənilməz sürprizlər olmamalıdır. Milli valyutaya inamın bərpa olunması bir qədər vaxt aparacaq. Mərkəzi Bankın proqnozlaşdırılan siyasəti onun addımlarına inamı artıracaq".

Vitse-prezidentlərin proqnozlarına əsasən, manatın məzənnəsi stabilləşsə belə, dollarda yerləşdirilən depozitlərin səviyyəsi 50%-dən aşağı düşməyəcək. "Devalvasiyadan öncə də belə olub. Tarixən əmanətçilər dollara güvənib", - deyə M. Malyukova izah edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditləşmə ilə bağlı tətbiq etdiyi bəzi məhdudiyyətlərin sektora təsirindən söz açan M. Malyukova bildirib ki, bu addımları kredit risklərinin azaldılması baxımından müsbət qiymətləndirmək olar, eyni zamanda, onlar gecikmiş də hesab oluna bilər. "Bu addımlar devalvasiyadan öncə atılsaydı, onlar itkilərin azalmasına səbəb ola bilərdi. İndi isə bunlar bir növ postfaktum sayıla bilər. Buna baxmayaraq, bu addımlar pozitiv sayıla bilər".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272