BÜDCƏ

Gömrük Komitəsi əlavə haqq tələb edir?-AÇIQLAMA
25 MAY
437

Gömrük Komitəsi əlavə haqq tələb edir?-AÇIQLAMA

2016-05-25 18:27:00

Dövlət Gömrük Komitəsi qeyri – qanuni olaraq ƏDV tələb etməsi ilə bağlı yayılan məlumatlara cavab verib.

Fins.az-ın məlumatına görə, qurumdan “Qafqazinfo"ya daxil olan xəbərdə bildirilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsinin qeyri-qanuni ƏDV tələbi” başlıqlı yazılar dərc edilib. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Vergi Məcəlləsinin 164.2-ci maddəsinin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına (əlavə və dəyişikliklərlə) əsasən Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızının idxalı əlavə dəyər vergisinin (ƏDV) tətbiqindən 01 yanvar 2016-cı il tarixinədək olan müddətə azad edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 1.18.3-cü maddəsi ilə Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv edilmiş və 01 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.01.2005-ci il tarixli 11 nömrəli qərarı hüquqi qüvvəsini itirərək XİFMN-in 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızı ƏDV-yə cəlb olunur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1-ci maddəsində göstərilir ki, “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur”.

Göründüyü kimi Məcəllənin 164.1-ci maddəsində ixrac olunan mallar bütövlükdə ƏDV-dən azad olunmaqla, yalnız idxal deyil, həmçinin malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin ƏDV tutulmayan növləri sadalanıb.

Qeyd edək ki, sözügedən informasıya “Azadlıq” qəzetində dərc olunub. Yazıda bildirilir ki, yanvarın 1-dən ölkəyə idxal olunan qəzet kağızlarına Gömrük Komitəsi ƏDV tətbiq etməyə başlayıb və bu bu addım mətbuatın onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirir.

Qəzet yazır: “ƏDV-in tətbiqi tələbi onunla əsaslandırılır ki, Vergi Məcələsinin 164.2 maddəsi ləğv edilib. Ekspertlərə görə, əslində bu maddənin idxal olunan qəzet kağızlarına heç bir aidiyyatı yoxdur.

Ümumiyyətlə ƏDV-dən azad olmalar VM 164.1, 164.1.7 ci maddələri ilə tənzimlənir. Belə ki, 164.1 maddə: “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağdakı növlərdən, habelə idxalın aşağdakı növlərindən ƏDV tutulmur”, 164.1.7-ci maddə: “KIV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu KIV məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti” qeyd edilir.

Gömrük Komitəsinin özü də gözəl bilir ki, idxal olunan qəzet kağızlarına ƏDV-inin tətbiqi qeyri qanunidir. Digər tərəfdən ölkəyə idxal olnunan qəzet kağızına görə alınan ƏDV böyük vəsait deyil. Amma bu böyük olmayan vəsait mətbuatın vəziyyətini və problemlərini bir qədər də artırır.

Mövzuyla bağlı söhbət etdiyimiz ekspert qəzetimizə maraqlı faktlar təqdim etdi. Məlumdur ki, 2005-ci ilə qədər idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması Vergi Məcəlləsi ilə tənzimlənirdi. Həmin ilin yanvarında Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Bu qərara əsasən digər məhsullarla yanaşı idxal olunan qəzet kağızları da ƏDV-dən azad olundu. Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola qəzet kağızlarının Nazirlər Kabinetinin 11 saylı qərarına salınması qanuna zidd idi. Iyirmi oktyabr 2015-ci il tarixində 1384-IVQD saylı qanun ilə VM 164.2 maddəsi ləğv edildi. Bununla da Nazirlər Kabinetinin 11 saylı qərarı qüvvədən düşmüş oldu. Lakin VM-nin 164.1 və 164.1.7-ci maddələri qüvvədədir və idxal olunan qəzet kağızları ƏDV-dən azaddır. Buna baxmayaraq Gömrük Komitəsi idxal olunan qəzet kağızlarına ƏDV tələb edir. Burada sual yaranır. Ya Gömrük Komitəsi “qərar” ilə “qanun”un fərqin bilmir. Ya da Nazirlər Kabinetinin hansısa sifarişini yerinə yetirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272