BÜDCƏ

"Novosroyka"lardan ev alanlar ƏDV-ni banka ödəyəcəklər
07 MAY
692

"Novosroyka"lardan ev alanlar ƏDV-ni banka ödəyəcəklər

2016-05-07 10:42:00

Nazirlər Kabineti “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi  Qaydaları”nda dəyişiklik edib.

Bu Qaydalar vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir.

Əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir.  Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan vətəndaşına, habelə Azərbaycanda daimi yaşayan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə verilən vahid təkrarolunmaz koddur.

Qaydaya edilən dəyişikliyə əsasən bundan sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.

****

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 182
 

N  182                                                Bakı şəhəri, 3 may 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi  Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N  12, maddə 1354; 2008, N  2, maddə 127; 2009, N  4, maddə 282, N  6, maddə 494, N  10, maddə 853; 2014, N  3, maddə 314) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Fərdi identifikasiya nömrəsi - Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə verilən vahid təkrarolunmaz koddur.”.

2. Aşağıdakı məzmunda 1.6-cı və 1.7-ci bəndlər əlavə edilsin:

“1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

1.7. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.”.

3. 2.1-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən.”.

4. Həmin Qaydalara 1 nömrəli əlavə - “ƏDV-nin depozit hesabına daxil olmuş pul vəsaitləri haqqında Reyestr”in 4-cü sütununda “VÖEN-i” sözü “VÖEN/FİN-i” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275