BÜDCƏ

Samir Şərifov Asiya İnkişaf Bankının toplantısında
03 MAY
344

Samir Şərifov Asiya İnkişaf Bankının toplantısında

2016-05-03 11:59:00

Mayın 2-də Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı öz işinə başlayıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 5-dək davam edəcək toplantıda Azərbaycanın maliyyə naziri, bankın rəhbərlər şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

"Davamlı inkişaf naminə əməkdaşlıq" devizi altında keçirilən illik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndə iştirakı edir.

İllik toplantı çərçivəsində maliyyə naziri S. Şərifovun ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vençay Janq, Divakar Gupta və digər rəsmilərlə keçirdiyi işgüzar görüşlərdə ADB ilə birgə həyata keçirilən mövcud layihələrin əhəmiyyəti qeyd olunub, respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, enerji paylayıcı şəbəkələrin təkmilləşdirilməsi, habelə regionların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icra vəziyyəti müzakirə olunub.

Görüşlərdə həmçinin, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində ADB-nin iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.

1966-cı ildə yaradılan ADB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275