BÜDCƏ

Gömrük Komitəsindən "şok hadisə" barədə - AÇIQLAMA
27 APREL
714

Gömrük Komitəsindən "şok hadisə" barədə - AÇIQLAMA

2016-04-27 14:34:00

Bu gün bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan gömrüyündə şok hadisə" başlıqlı yalan, böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yer alıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir: "Məlumatda qeyd olunur ki, Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında guya Bakıda rəsmiləşdirilir. Xatırladaq ki, 30 mart 2016-cı il tarixdə “Samur” gömrük postunda, Gürcüstandan Rusiyaya tranzit gömrük proseduru altında gedən “Mersedes Benz Atgeo” markalı, 99-XA-965 dövlət nömrə nişanlı yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı, 10,150 kq çəkidə rezin tərliklər yükünün Türkiyə Respublikasında istehsal olduğu müəyyən edilib. Lakin müşayiət sənədlərində yükün Gürcüstan istehsalı olduğu qeyd edilib. 

Xaçmaz Gömrük İdarəsində sorğu-sual olunan sürücü Hüseynov Niyaməddin Əliheydər oğlu bildirmişdir ki, o, idarə etdiyi “Mersedes Benz Atgeo” markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasının Tiflis şəhərindən rezin tərliklər yükü götürərək, 30 mart 2016-cı il tarixdə “Sınıq Körpü” gömrük postundan keçməklə “tranzit” gömrük prosedurunda Azərbaycana daxil olub. Həmin gün təyinatı üzrə Rusiyaya getmək üçün “Samur” gömrük postuna gəlib. Burada yükə aid müşayiətedici sənədləri gömrük işçisinə təqdim etdikdən sonra yükə keçirilən baxış zamanı, rezin tərliklər yükünün Gürcüstan istehsalı deyil, Türkiyə istehsalı olduğunu müəyyən edilib. Hüseynov Niyaməddin Əliheydər oğlu yükü qəbul edərkən yanında olduğunu, lakin tərliklər olan bağlamaların üzərindəki yazılara fikir vermədiyini və bu səbəbdən də Türkiyə istehsalı olduğunu bilməyib. 

Beləliklə də, Hüseynov Niyaməddin Əliheydər oğlu tranzit gömrük proseduru altında apardığı yüklə bağlı düzgün olmayan məlumatlar verib. 

Bununla da, Hüseynov Niyaməddin Əliheydər oğlu İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verib. 

Yuxarıda göstərilənlər nəzərə alınaraq Azərbaycan vətəndaşı Hüseynov Niyaməddin Əliheydər oğlu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilib, yük sənədlərində düzəliş edilməsi üçün geri qaytarılması qərara alınıb. 

Məlumatda həmçinin qeyd olunub ki, guya həmin yük təcili olaraq Bakıya aparılaraq Bakı Baş Gömrük İdarəsinin həyətində gömrük yoxlamasından keçirilib.

Onu da qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq cərimə ödənildikdən sonra yük maşını “Samur” gömrük postunun terminalına yönləndirilib və hal-hazırda da o terminaldadır və görünən də odur ki, yük sahibi avtomobili hələ də terminaldan çıxarmaq fikrində deyil. 

O ki qaldı məsələ ilə bağlı DGK Mətbuat Xidmətinə verilən sorğuya, bəzi “qələm sahibləri”nin diqqətinə çatdırırıq ki, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunu”nun 24.1 maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin qanunun 24.5 maddəsinə görə isə informasiya sorğusunun bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. 

Dövlət Gömrük Komitəsinə bu barədə sorğu aprel ayının 26-da saat 17:00 radələrində, iş gününün sonunda 195 çağrı mərkəzinin xətti ilə daxil olub. Sorğu araşdırma tələb etdiyindən onu göndərən şəxsə də bu barədə ətraflı izahat verilib, aprelin 27-də günün birinci yarısında sorğunun cavablındırılacağı bildirilib. Lakin sorğunu göndərən şəxs qanunun tələblərini nəzərə almadan, qarşı tərəfin mövqeyini dəqiqləşdirmədən məlumatı yaymaqla ictimailəşdirib və dolayısı ilə qanunvericiliyin tələblərini pozub. Yalan və böhtan xarakterli məlumat yayan bu informasiya portalı qanun qarşısında cavab verəcək. 

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, ölkə qanunlarına hörmət etməyə çağırır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275