BÜDCƏ

Lisenziyalar və icazələr haqqında - YENİ QANUN
21 APREL
636

Lisenziyalar və icazələr haqqında - YENİ QANUN

2016-04-21 10:11:00

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ərizəçi – lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;

1.0.2. lisenziya verən orqan – lisenziya vermək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanı;

1.0.3. icazə verən orqan – icazə vermək səlahiyyətinə malik olan inzibati orqan;

1.0.4. lisenziyanın (icazənin) sahibi – lisenziyaya (icazəyə) malik olan, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;

1.0.5. lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusu;

1.0.6. lisenziya şərtləri – lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər;

1.0.7. icazə şərtləri – icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər;

1.0.8. lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd;

1.0.9. ümumi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünü onun bütün alt növlərinin hər biri üçün ayrılıqda xüsusi lisenziya almadan həyata keçirmək hüququ verən lisenziya;

1.0.10. xüsusi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququ verən lisenziya;

1.0.11. icazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkət;

1.0.12. səlahiyyətli orqan – lisenziya (icazə) verilməsi sahəsində dövlət siyasətini və metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

1.0.13. “bir pəncərə” prinsipi – lisenziyanın və icazənin verilməsi ilə bağlı bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sadələşdirilmiş inzibati icraat.

Maddə 2. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 3. Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir.

3.2. Bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən orqanlara şamil olunur.

3.3. Bu Qanunun tələblərinə əməl olunmaqla, Azərbaycan Respublikasının xüsusi qanunları ilə lisenziyaların (icazələrin) verilməsinə dair xüsusi qaydalar və bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar müəyyən oluna bilər.

3.4. Maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Maddə 4. Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi

4.1. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir.

4.2. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:

4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;

4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;

4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;

4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur.

4.3. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

4.4. Bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində, 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi lisenziyalaşdırılan iş və xidmətlərin siyahısında hər hansı bir yeni lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin əlavə edilməsi barədə təkliflə yanaşı, həmin sahə üzrə bir lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin çıxarılması barədə təklif də verilməlidir.

Maddə 5. Lisenziyanın və icazənin qüvvəsi

5.1. Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir.

5.2. Azərbaycan Respublikasında verilmiş lisenziyaların (icazələrin) Azərbaycan Respublikasının ərazisindən kənarda tanınması, habelə xarici ölkələrdə verilmiş lisenziyaların (icazələrin) Azərbaycan Respublikasında tanınması məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdiyi icazələr Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tanınır.

5.3. Naxçıvan Muxtar Respublikasının lisenziya və icazə verən orqanları tərəfindən verilən lisenziya (icazə) yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

5.4. Lisenziyanın (icazənin) sahibi lisenziyadan (icazədən) yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Lisenziyanın (icazənin) qüvvəsi lisenziya (icazə) sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın (icazənin) sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Maddə 6. Lisenziya və icazə verən orqanlar və onların səlahiyyətləri

6.1. Lisenziya və icazə verən orqanlar Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6.2. Naxçıvan Muxtar Respublikasının ərazisində lisenziya və icazə verən orqanlar Naxçıvan Muxtar Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6.3. Lisenziya və icazə verən orqan:

6.3.1. lisenziyanı və icazəni, onun dublikatını və əlavəsini verir, lisenziyanı və icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir;

6.3.2. verdiyi lisenziyalarla və icazələrlə bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları əks etdirən reyestri aparır və onları yeniləndiyi gün reyestrdə qeydə alır;

6.3.3. verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalarla və icazələrlə (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş icazələrlə) bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları reyestrdə qeydə aldığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir;

6.3.4. bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə lisenziya verən orqan verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir;

6.3.5. bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilməsi üçün səlahiyyətli orqana təqdim edir;

6.3.6. ərizəçi tərəfindən lisenziyanın (icazənin) alınması üçün təqdim olunmuş sənədlərin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan müddətlərdə saxlanılmasını təmin edir;

6.3.7. lisenziya (icazə) şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirir (bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilmiş lisenziyalar üzrə lisenziya verən orqan istisna olmaqla).

6.4. Lisenziyanın və icazənin alınması üçün təqdim olunan sənədlərin formasının müəyyən edilməsinə dair qanunla nəzərdə tutulan hallar istisna olmaqla, lisenziya və icazə verən orqan tərəfindən lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hüquqi aktların qəbul edilməsinə yol verilmir.

Maddə 7. Səlahiyyətli orqanın funksiyaları

7.0. Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə əlaqədar səlahiyyətli orqan:

7.0.1. lisenziya və icazə sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında iştirak edir və həmin siyasətin həyata keçirilməsini təmin edir;

7.0.2. lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və hüquqi aktların layihələrini hazırlayır;

7.0.3. lisenziya və icazə verən orqanlar, habelə digər dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasına nəzarət edir, habelə lisenziyaların və icazələrin tətbiqinə dair izahatlar verir;

7.0.4. lisenziya və icazə verən orqanlara bu sahədə metodiki rəhbərliyi və onların informasiya təminatını həyata keçirir;

7.0.5. ölkədə verilmiş lisenziyaların və icazələrin vahid reyestrini aparır;

7.0.6. bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş əsasnaməyə uyğun olaraq, “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təmin edilməsində və idarə olunmasında iştirak edir;

7.0.7. bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş qaydada tənzimləyici təsirin təhlilində iştirak edir;

7.0.8. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada lisenziya blanklarının və əlavələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blanklardan istifadənin uçotunu və hesabatını aparır.

Maddə 8. Lisenziyaların və icazələrin vahid reyestri

8.1. Səlahiyyətli orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatları özündə ehtiva edən vahid reyestr aparır:

8.1.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;

8.1.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

8.1.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

8.1.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

8.1.5. əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

8.1.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

8.1.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

8.1.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

8.1.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

8.1.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

8.1.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğv etmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

8.2. Lisenziyaların və icazələrin vahid reyestri elektron formada aparılır.

8.3. Bu Qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə yeni məlumatlar daxil edildikdə və ya reyestrdəki məlumatlar dəyişdikdə, onlar lisenziya və icazə verən orqan tərəfindən lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada səlahiyyətli orqana təqdim olunur.

8.4. Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. “Lisenziyalar və icazələr” portalı

9.1. “Lisenziyalar və icazələr” portalında:

9.1.1. lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin elektron qaydada həyata keçirilməsi təmin edilir;

9.1.2. bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikcə, onlar yenilənir;

9.1.3. lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid hüquqi aktların layihələri açıq müzakirə üçün yerləşdirilir;

9.1.4. bu Qanunun 8-ci maddəsinə uyğun olaraq, lisenziyaların və icazələrin vahid reyestri yerləşdirilir.

9.2. “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təmin edilməsi və idarə olunması məsələləri, həmçinin portal vasitəsilə lisenziya və icazələrin verilməsi üçün sənəd qəbulunun, lisenziyanın və icazələrin verilməsinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.

2-ci fəsil

Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri

Maddə 10. Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri

10.1. Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri aşağıdakılardır:

10.1.1. lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin qanuniliyi, qərəzsizliyi və aşkarlığı;

10.1.2. lisenziya tələb olunan fəaliyyət növlərinə və icazələrə, lisenziyanın və icazənin şərtlərinə və verilməsi prosedurlarına dair məlumatların açıqlığı;

10.1.3. lisenziyanın və icazənin “bir pəncərə” prinsipi əsasında verilməsi;

10.1.4. lisenziyanın və icazənin verilməsinə, yenidən rəsmiləşdirilməsinə, dayandırılmasına, bərpasına və ya ləğvinə susmaqla razılıq;

10.1.5. lisenziya və icazə tətbiq edilərkən, sahibkarların, cəmiyyətin və dövlətin maraqlarının mütənasibliyi;

10.1.6. lisenziya və icazə verilməsinin tətbiqi sahəsində tənzimləyici təsirin təhlili;

10.1.7. bu Qanunun 21-ci maddəsinə uyğun olaraq, lisenziyanın və icazənin verilməsi ilə bağlı ərizəçidən yalnız qanunla müəyyən edilmiş hallarda dövlət rüsumunun və ödənişin alınması;

10.1.8. qanunvericiliyin pozulmasına və bu pozuntular nəticəsində sahibkara dəyən zərərə görə lisenziya və icazə verən orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti;

10.1.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun II və III fəsillərində nəzərdə tutulmuş prinsiplər.

10.2. Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilir.

Maddə 11. Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin aşkarlığı

11.1. Lisenziya və icazə verən orqanlar sahibkarlıq sahəsi, o cümlədən, lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hüquqi aktların layihələrini hazırlayarkən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai iştirakçılığı təmin edirlər.

11.2. Lisenziya və icazə verən orqanlar sahibkarlıq sahəsinə aid hazırladıqları hüquqi aktların layihələrini, o cümlədən “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün səlahiyyətli orqana elektron qaydada təqdim edirlər.

11.3. Səlahiyyətli orqan lisenziya və icazə verən orqanların sahibkarlıq sahəsinə aid hazırladığı hüquqi aktların layihələrinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilməsini və həmin layihələrin mətninin portalda azı 1 ay müddətində saxlanılmasını təmin edir. Layihənin müəyyən müddət ərzində hazırlanması tapşırıldıqda, layihənin mətni tapşırığa uyğun müddətdə portalda saxlanılır.

11.4. Sahibkarlıq sahəsinə aid hüquqi aktının layihəsini hazırlayan orqan “Lisenziyalar və icazələr” portalında yerləşdirilmiş layihələrə dair verilən təkliflərə 1 ay müddətində baxılmasını və təklifin qəbul edilmədiyi halda təklif verənə əsaslandırılmış cavab göndərilməsini təmin edir. Bu Qanunun 11.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda 1 aydan az müddətə hazırlanmalı olan layihəyə dair verilən təklifə müvafiq müddət ərzində baxılır.

 Maddə 12. Lisenziya və icazə verilməsi məsələləri üzrə informasiya təminatı

12.1. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri, lisenziyanın və icazənin şərtlərini və verilməsi prosedurlarını müəyyən edən hüquqi aktlara (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunmalıdır.

12.2. Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, lisenziya və icazə şərtlərinin siyahısı, onları müəyyən edən hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları, lisenziya və icazə verən orqan tərəfindən qəbul olunan inzibati aktlardan şikayət verilməsi qaydası, lisenziya və icazə verən orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, lisenziyalara və icazələrə dair hüquqi aktların tətbiqinə dair verilən izahatlar, tez-tez verilən suallara cavablar, habelə sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar lisenziya və icazə verən orqanların internet saytlarında yerləşdirilməli və “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün səlahiyyətli orqana göndərilməlidir. Həmin məlumatlarda dəyişikliklər baş verdikcə, onlar yenilənməlidir.

12.3. Sahibkar lisenziya və icazə məsələlərinə dair metodiki yardım göstərilməsi, məsləhət almaq və müvafiq sahədə vəziyyəti qiymətləndirmək üçün lisenziya və icazə verən orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir.

12.4. Lisenziya və icazə verən orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərməyə borcludur.

12.5. Lisenziya və icazə verən orqan bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə sahibkarların daha operativ məlumatlandırılması məqsədi ilə ödənişsiz çağrı xidməti yaratmalıdır. Çağrı xidməti vasitəsilə alınan izahata və göstərilən metodiki yardıma uyğun hərəkət edən sahibkarın ona istinad etməsinə şərait yaradılması üçün lisenziya və icazə verən orqan verdiyi məlumatları texniki vasitələrin köməyi ilə qeydə almalıdır. Sahibkar qeydə alınmış səs yazısının elektron surətini onun yazıldığı gündən 3 ay ərzində almaq hüququna malikdir.

Maddə 13. Lisenziyanın və icazənin “bir pəncərə” prinsipi əsasında verilməsi

13.1. Lisenziyanın və icazənin verilməsinin sadələşdirilməsi, bununla bağlı inzibati prosedurların, tələb olunan sənədlərin sayının, müddətin və xərclərin azaldılması məqsədi ilə “bir pəncərə” prinsipi tətbiq edilir.

13.2. Lisenziyanın və icazənin verilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi aşağıdakıları nəzərdə tutur:

13.2.1. lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin ərizəçinin (lisenziya və icazə sahibinin) müraciət etdiyi orqan tərəfindən həyata keçirilməsi;

13.2.2. lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) lisenziya və icazə verən orqan tərəfindən alınması;

13.2.3. lisenziya və icazə verən orqan tərəfindən bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi.

Maddə 14. Lisenziyanın və icazənin verilməsinə, yenidən rəsmiləşdirilməsinə, dayandırılmasına, bərpasına və ya ləğvinə susmaqla razılıq

14.1. Lisenziya və icazə, onun dublikatı və əlavəsi, yenidən rəsmiləşdirilmiş lisenziya və icazə, lisenziyanın və icazənin dayandırılması və bərpası haqqında inzibati akt bu Qanunun 19.10-cu (birinci cümlədə), 19.11-ci (birinci cümlədə), 23.4-cü, 23.6-cı, 23.7-ci, 23.8-ci, 24.2-ci və 25.6-cı maddələrində göstərilən müddətdə təqdim edilmədikdə, tələb olunan lisenziya və icazə, onun dublikatı və əlavəsi verilmiş, yenidən rəsmiləşdirilmiş (və ya bu Qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda yenidən rəsmiləşdirilməmiş), dayandırılmamış (və ya bu Qanunun 25.1.1-ci maddəsində nəzərdə tutulmuş halda dayandırılmış) və ya bərpa olunmuş hesab edilir və ərizəçi barəsində müraciət etdiyi fəaliyyət növünü həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir, lisenziyanın (icazənin) sahibi isə lisenziyada göstərilən fəaliyyət növünü həyata keçirmək və icazədə göstərilən hərəkəti icra etmək hüququna malikdir.

14.2. Lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt bu Qanunun 26.2-ci maddəsində göstərilən müddətdə təqdim edilmədikdə, bu Qanunun 26.1.1-ci maddəsində nəzərdə tutulmuş halda lisenziya və icazə ləğv edilmiş hesab olunur, bu Qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda isə lisenziya və icazə ləğv edilməmiş hesab olunur və lisenziyanın (icazənin) sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir.

14.3. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi haqqında müraciət “Lisenziyalar və icazələr” portalı vasitəsilə göndərilərsə və bu Qanununun 14.1-ci və 14.2-ci maddələrində müəyyən edilmiş müddətlər lisenziya və icazə verən orqan tərəfindən ötürülərsə, “Lisenziyalar və icazələr” portalı lisenziyanı və icazəni, onun dublikatını və əlavəsini, yenidən rəsmiləşdirilmiş lisenziyanı və icazəni, lisenziyanın və icazənin dayandırılması və bərpası haqqında inzibati aktı avtomatik rejimdə lisenziyaların və icazələrin vahid reyestrinə daxil edir və ərizəçiyə (lisenziyanın (icazənin) sahibinə) göndərir, habelə bu barədə lisenziya və icazə verən orqana məlumat verir.

 Maddə 15. Lisenziya və icazə tətbiq edilərkən sahibkarların, cəmiyyətin və dövlətin maraqlarının mütənasibliyi

15.1. Lisenziya və icazə tətbiq edilərkən sahibkarların, cəmiyyətin və dövlətin maraqlarının balanslaşdırılması təmin edilməlidir.

15.2. Sahibkarlıq fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi və hərəkət ilə bağlı lisenziyanın və icazənin tətbiqinə yalnız həmin fəaliyyət və hərəkət növünün tənzimlənməsi məqsədlərinə başqa vasitələrlə nail olmaq mümkün olmadığı halda yol verilir.

15.3. Lisenziyanın və icazənin tətbiqi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi sahəsində rəqabətin məhdudlaşdırılmasına yönələ bilməz.

Maddə 16. Tənzimləyici təsirin təhlili

16.1. Tənzimləyici təsirin təhlili özündə aşağıdakıları ehtiva edir:

16.1.1. lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;

16.1.2. lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsi.

16.2. Tənzimləyici təsir səlahiyyətli orqan və lisenziya və icazə verən orqan tərəfindən təhlili olunur.

16.3. Tənzimləyici təsirin təhlili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3-cü fəsil

Lisenziyaların və icazələrin verilməsi

Maddə 17. Lisenziyaların və icazələrin verilməsi ilə bağlı ümumi məsələlər

17.1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

17.2. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin xüsusiyyətləri bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş əsasnamədə müəyyən edilir.

17.3. Ümumi lisenziya verildiyi hal istisna olmaqla, lisenziya və icazə hər bir fəaliyyət növü və hərəkət üçün ayrıca verilir.

17.4. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın və icazənin əlavəsinə də şamil edilir.

Maddə 18. Lisenziyanın və icazənin alınması üçün müraciət

18.1. Ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir.

18.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (lisenziya və icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları bu Qanunun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə):

18.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

18.2.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

18.2.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

18.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);

18.2.5. lisenziya və icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər.

18.3. Lisenziya və icazə verən orqan bu Qanunun 18.2-ci maddəsində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.

18.4. Xüsusi lisenziyaya malik olan ərizəçi lisenziya tələb olunan həmin fəaliyyət növünün digər bir və ya bir neçə alt növünü həyata keçirmək üçün lisenziyanın alınması ilə bağlı lisenziya verən orqana ərizə təqdim etdikdə, həmin ərizəyə yalnız bu Qanunun 18.2.4-cü və 18.2.5-ci maddələrində göstərilən sənədlər əlavə olunur.

18.5. Qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.

18.6. Ərizə lisenziya və icazə verən orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

 Maddə 19. Lisenziyanın və icazənin verilməsi

19.1. Lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

19.2. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın və icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın və icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

19.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 19.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda lisenziya və icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

19.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın və icazənin alınması üçün təkrar ərizə ilə lisenziya və icazə verən orqana müraciət edə bilər.

19.5. Bu Qanunun 18.4-cü maddəsində göstərilən halda lisenziya verən orqan əvvəlki xüsusi lisenziyanın verilməsi zamanı təqdim olunmuş sənədlərin və məlumatların təkrar təqdim edilməsini tələb edə, habelə təsdiq olunmuş sənədləri, hüquqi və faktiki halları təkrar yoxlaya bilməz.

19.6. Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən:

19.6.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır;

19.6.2. lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün tədbirlər görür;

19.6.3. sahibkarlıq fəaliyyəti növünün və hərəkətin xüsusiyyətlərindən asılı olaraq, faktiki hallarla bağlı sualları izah etmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq, ekspert və ya mütəxəssis cəlb edə bilər;

19.6.4. lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlı olduqda, həmin obyektin lisenziya (icazə) alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir.

19.7. Bu Qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisələrinin rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir.

19.8. Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

19.9. Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

19.10. Lisenziya və icazə verən orqan bu Qanunun 19.8-ci və 19.9-cu maddələrində müəyyən edilmiş müddətlərdən gec olmayaraq ərizəçiyə lisenziyanı və icazəni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda isə, lisenziyanın (icazənin) verilməsi üçün dövlət rüsumunu (ödənişi) ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt lisenziya və icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

19.11. Dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

19.12. Lisenziyada və icazədə aşağıdakılar göstərilir:

19.12.1. lisenziyanın və icazənin verilmə tarixi və qeydiyyat nömrəsi;

19.12.2. lisenziya və icazə verən orqanın adı və ünvanı;

19.12.3. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

19.12.4. əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

19.12.5. lisenziya verilən fəaliyyət növü və icazə verilən hərəkət.

19.13. Lisenziya və icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən lisenziya və icazə imzalanır və möhürlə təsdiq edilir.

19.14. Aşağıdakı hallarda lisenziyanın (icazənin) əlavəsi verilir:

19.14.1. lisenziyada göstərilən fəaliyyət növü və icazədə göstərilən hərəkət ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi (icra edildiyi) halda;

19.14.2. bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulmuş fəaliyyət növləri ilə əlaqədar lisenziya alınması üçün müraciət edildikdə.

19.15. Lisenziyanın əlavəsinin başlığında “lisenziyanın əlavəsi” sözləri, icazənin əlavəsinin başlığında isə bu Qanunun 1.0.11-ci maddəsinə uyğun olaraq, icazənin müvafiq adı qeyd edilməklə, “əlavəsi” sözü yazılır. Həmin əlavələrdə fəaliyyətin həyata keçirildiyi və hərəkətin icra edildiyi obyektin ünvanı (bu Qanunun 19.12-ci maddəsində nəzərdə tutulan məlumatlarla yanaşı) və bu Qanunun 4.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müvafiq iş və xidmətlərin siyahısı göstərilir. Fəaliyyətin həyata keçirildiyi və hərəkətin icra edildiyi hər bir obyekt üçün lisenziyanın (icazənin) ayrıca əlavəsi təqdim olunur.

19.16. Lisenziya (icazə) verildikdən sonra lisenziyanın (icazənin) sahibi lisenziyada (icazədə) göstərilən fəaliyyət növünü (hərəkəti) başqa obyektlərdə də həyata keçirmək üçün lisenziyanın (icazənin) əlavəsinin, lisenziyanın əlavəsində göstərilməyən fəaliyyət növləri, iş və xidmətlər ilə məşğul olmaq üçün lisenziyanın əlavəsinin alınması ilə bağlı lisenziya və icazə verən orqana ərizə ilə müraciət edə bilər. Həmin ərizəyə yalnız bu Qanunun 18.2.4-cü və 18.2.5-ci maddələrində göstərilən sənədlər əlavə olunur.

19.17. Lisenziyanın (icazənin) əlavəsi bu Qanunun 19.13-cü maddəsində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

19.18. Fəaliyyət növünün bir neçə alt növünü eyni vaxtda həyata keçirmək üçün müraciət olunduqda, lisenziya bir blankda və bir qeydiyyat nömrəsi ilə verilir. Lisenziya sahibi fəaliyyət növünün lisenziyada göstərilməyən digər alt növləri ilə məşğul olmaq üçün lisenziya verən orqana ərizə ilə müraciət etdikdə, ona mövcud lisenziya blankı dəyişdirilmədən, ayrıca blankda və ayrı qeydiyyat nömrəsi ilə lisenziya verilir.

19.19. Lisenziyanın və icazənin müsabiqə əsasında verilməsinin halları və qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina

20.1. Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);

20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 21. Lisenziyanın və icazənin verilməsi üçün ödəniş

21.1. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

21.2. İcazənin verilməsi üçün dövlət rüsumunun və ödənişin ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 22. Lisenziyanın və icazənin müddəti

22.1. Lisenziyalar müddətsiz verilir. Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş icazə etibarsız hesab olunur.

22.2. Müddətli icazənin müddətinin uzadılması icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

22.3. İcazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.

22.4. İcazənin dublikatının müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.

22.5. İcazənin dayandırıldığı müddət icazənin müddətinə daxil edilir.

Maddə 23. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi

23.1. Lisenziya və icazə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

23.1.1. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

23.1.2. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

23.1.3. lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;

23.1.4. icazənin sahibi icazənin müddətinin uzadılması ilə bağlı icazə verən orqana müraciət etdikdə;

23.1.5. lisenziya sahibinin ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verildikdə.

23.2. Bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir.

23.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya və icazə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur.

23.4. Lisenziya və icazə verən orqan bu Qanunun 23.2-ci və 23.3-cü maddələrinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş lisenziyanı və icazəni lisenziyanın (icazənin) sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

23.5. İcazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir.

23.6. Bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən hallar mövcud deyilsə və icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsi ilə bağlı icazə şərtlərində hər hansı dəyişiklik edilməmişdirsə, icazə verən orqan ərizə daxil olduqdan 5 iş günü ərzində icazəni müddətsiz edərək yenidən rəsmiləşdirilmiş icazəni sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

23.7. İcazədə göstərilmiş hərəkətin yerinə yetirilməsi ilə bağlı icazə şərtlərində hər hansı dəyişiklik edilmişdirsə, icazənin sahibi icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi barədə ərizəsinə bu Qanunun 18.2.5-ci maddəsində göstərilən sənədləri əlavə edir. İcazə verən orqan həmin ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qanunun 19.9-cu maddəsində nəzərdə tutulan müddətdə icazəni müddətsiz edərək yenidən rəsmiləşdirilmiş icazəni sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

23.8. Bu Qanunun 23.1.5-ci maddəsində göstərilən halda lisenziya verən orqan lisenziya sahibinin ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna xitam verdiyi tarixdən 5 iş günü ərzində ümumi lisenziyanı xüsusi lisenziya (lisenziyalar) şəklində yenidən rəsmiləşdirərək onu lisenziyanın sahibinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

23.9. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini lisenziya və icazə verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

23.10. Bu Qanunun 23.8-ci maddəsində göstərilən halda lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini (xitam verilməyən hissədə) əvvəlki lisenziya əsasında həyata keçirir.

23.11. Lisenziya və icazə verən orqanın adı dəyişdikdə və ya lisenziya (icazə) vermə səlahiyyəti digər lisenziya və icazə verən orqana keçdikdə, əvvəllər verilmiş lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi yalnız lisenziya (icazə) sahibinin müraciəti əsasında bu Qanunun 23.3-23.4-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılır. İcazədə göstərilən hərəkətin yerinə yetirilməsi başa çatdıqda, həmin icazənin bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən hallarda yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maddə 24. Lisenziyanın və icazənin dublikatının verilməsi

24.1. Lisenziya və icazə itirildikdə və ya zədələndikdə lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dublikatının verilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edir.

24.2. Lisenziya və icazə verən orqan ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində lisenziyanın və icazənin dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

24.3. Lisenziyanın və icazənin dublikatının verildiyi müddətdə lisenziyanın (icazənin) sahibi öz fəaliyyətini lisenziya və icazə verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış lisenziya və icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

24.4. Lisenziyanın və icazənin dublikatı itirilmiş və ya zədələnmiş lisenziya və icazə ilə eyni hüquqi qüvvəyə malikdir.

Maddə 25. Lisenziyanın və icazənin dayandırılması

25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır:

25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;

25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.

25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir.

25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur.

25.6. Lisenziyanın və icazənin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 26. Lisenziyanın və icazənin ləğvi

26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:

26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

26.1.2. icazənin müddəti bitdikdə;

26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

26.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə;

26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda;

26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

26.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.

26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 27. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət

27.1. Lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

27.2. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

27.3. Bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir.

4-cü fəsil

Məsuliyyət

Maddə 28. Lisenziya və icazə verən orqanların və onların vəzifəli şəxslərinin məsuliyyəti

28.1. Lisenziya və icazə verən orqanın vəzifəli şəxsləri bu Qanunun tələblərinin pozulmasına və lisenziyanın (icazənin) sahibinə vurulan zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

28.2. Lisenziyanın (icazənin) sahibi ona dəyən zərərə görə lisenziya və icazə verən orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtinadan inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 29. Lisenziya və icazə sahibinin məsuliyyəti

Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

5-ci fəsil

Yekun müddəalar

Maddə 30. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2016-cı il iyunun 1-dən qüvvəyə minir.

Maddə 31. Keçid müddəaları

31.1. Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş icazələr onlarda göstərilmiş müddət bitənədək öz qüvvəsini saxlayır.

31.2. Bu Qanun qüvvəyə mindikdən sonra lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri tənzimləyən qanunlarda müvafiq lisenziya və icazə şərtləri təsbit olunanadək, həmin fəaliyyət növlərinə lisenziya və icazə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlər tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270