BÜDCƏ

Azərbaycan İnvestisiya Şirkətində "dividend" qeyri-müəyyənliyi
13 APREL
278

Azərbaycan İnvestisiya Şirkətində "dividend" qeyri-müəyyənliyi

2016-04-13 17:47:00

Azərbaycan İnvestisiya Şirkətində səhmlər üzrə dividendlərdən istifadə sahəsində qeyri-müəyyənlik yaranıb. Fins.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi təklifdə əksini tapıb.

Hesablama Palatası qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 30 mart 2006-cı il tarixli sərəncamına əsasən, Azərbaycan İnvestisiya Şirkətinin ilkin nizamnamə kapitalının Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşması və həmin səhmlər üzrə dividendlərin Dövlət Neft Fonduna köçürülməsi müəyyənləşdirilib. Respublikada son illərdə sosial-iqtisadi islahatların dərinləşməsi və milli iqtisadiyyatın, xüsusilə qeyri-neft sahəsinin şaxələndirilməsi tədbirlərinin həyata keçirilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən də Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına əlavə olaraq 70 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub və müvafiq qaydada icra edilib. Lakin bu səhmlər üzrə əldə olunan dividentlərin ödənilməsi mexanizmi və təyinatı müəyyən edilmədiyindən həmin vəsaitlərdən istifadə sahəsində qeyri-müəyyənlik yaranıb. Hesablama Palatası bu boşluqların aradan qaldırılması üçün aşağıdakı  təkliflərin həyata keçirilməsini məqsədəuyğun hesab edib:

- nizamnamə kapitalına dövlət büdcəsindən vəsaitin ayrılmasının təsbit edilməsi;

- dövlət büdcəsindən nizamnamə kapitalına ayrılmış vəsaitlərə görə əldə edilmiş dividendlərin köçürülmə təyinatının (büdcəyə köçürmək və ya şirkətin sərəncamında saxlamaq) müəyyən edilməsi;

- Şirkət tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada investisiya fəaliyyətinə yönəltdikdən sonra onun sərəncamında qalan vəsaitlərin iqtisadi səmərəlilik baxımından müvəqqəti olaraq yerləşdirilməsi mexanizminin müəyyənləşdirilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275