BİZNES

Ev satanda vergi necə hesablanır?
11 OKTYABR
233

Ev satanda vergi necə hesablanır?

2019-10-11 12:07:00

Əmlak vergisi necə hesablanır?

Fins.az xəbər verir ki,iqtisadçı Ruslan Atakişiyevə bu suala aydınlıq gətirib

Ekspert deyib ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə vergi verməlidir, torpaq sahəsinin təqdim olunması da vergiyə cəlb edilir: “Yaşayış yeri 5 ildən artıq fiziki şəxsin istifadəsində olarsa; hədiyyə, maddi yardım kimi ailə üzvlərinə verilərsə; dövlət ehtiyacları üçün alınarsa; nikahın pozulması zamanı əmlak keçmiş ər və arvad arasında bölünərsə; aktivlər ər və arvad arasında verildikdə əmlak vergidən azaddır. Qalan hallarda yaşayış və qeyri-yaşayış sahələrinin satışı zamanı əmlak sadələşdirilmiş vergiyə cəlb olunur və həmin vergilər ödəmə mənbəyində tutulur.

Daşınmaz əmlakın satışı zamanı ödənəcək verginin məbləğini hesablayan zaman yaşayış və ya qeyri-yaşayış sahələrinin ölçüsü nəzərə alınmalıdır. Fiziki şəxslərin təqdim etdiyi binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Daşınmaz əmlakın satılması zamanı müqavilədəki məbləğdən asılı olmayaraq bir kvadratmetrə görə 15 manat vergi düşür. Sonra həmin məbləğ zona əmsalına vurularaq son məbləğ alınır.

Bakı şəhərinin zona əmsalı 4 və 1,2 arasında dəyişir. Əmlak Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşdikdə 1,5; Abşeron rayonunun qəsəbə və kəndləri, eləcə də Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə 1,2; digər şəhər və qəsəbələrdə isə 0,5 zona əmsalına vurulur.

Tutaq ki, fiziki şəxs Bakıda metronun “Gənclik” stansiyası yaxınlığında sahəsi 100 kvadratmetr olan mənzil satır. Bu zaman onun ödəyəcəyi verginin məbləği belə hesablanır: 100 x 15 = 1.500 x 1,3 (zona əmsalı) = 1950 manat. Deməli, həmin şəxs mənzilini satarkən 1950 manat vergi ödəməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır