BİZNES

Minimum əmək haqqını hansı işçilərə vermək olar?
03 OKTYABR
171

Minimum əmək haqqını hansı işçilərə vermək olar?

2019-10-03 16:02:00

Məlum olduğu kimi, sentyabrın 1 dən minimum əmək haqqı 180 manatdan 250 manata qaldırıldı. Bununla da işəgötürən işə götürdüyü işçiyə minimum 250 manat əmək haqqı verməlidir və mövcüd işçilərin əmək haqqı məbləğini minimum əmək haqqına uyğunlaşdırmalıdır. Burda maraqlı məqam ondan ibarətdir ki, hər işçiyə 250 manat əmək haqqı vermək mümkündürmü? Yəni bütün işçiləri minimum əmək haqqı ilə işə götürmək olarmı? Bunun üçün qanunvericilikdə əmək haqqının və minimum əmək haqqının necə tərif edildiyinə nəzər salaq:

Əmək Məcəlləsinin 154.1 ci maddəsinə əsasən,

Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 156.1 ci maddəsinə əsasən,

Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir. 

Tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

Minimum əmək haqqının illər üzrə artım dinamikası

Yaşayış minimumu haqqında qanunun 1.0.8 ci maddəsinə əsasən,

Minimum əmək haqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Eyni zamanda Əmək Məcəlləsinin 155.2 ci maddəsinə əsasən,

Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Göründüyü kimi, minimum əmək haqqı işəgötürən tərəfindən ixisassız əməyə görə ödənilməli olan minimum məbləğdir. Yəni, minimum əmək haqqı məbləği yalnız ixtisassız işçilərə təyin edilə bilər. İxtisaslı işçilərə minimum əmək haqqı məbləği verilə bilməz.

Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir.

Bəs yaxşı ixtisassız əmək nə deməkdir? İxtisassız əmək dedikdə heç bir orta, ali və ya peşə təhsili olmayan bir işçinin əməyi nəzərdə tutulur. Belə əməyə adətən fəhlə vəzifələri aid edilir. Hətta sürücü vəzifəsinə belə minimum əmək haqqı təyin etmək olmaz. Çünki, bütün sahələr üçün ümumi olan fəhlə peşələri vahid tarif-ixtisas sorğu kitabçasına əsasən sürücü fəzifəsi fəhlə kateqoriyası hesab olunsa da, onun ixtisası vardır. Minimum əmək haqqı isə qeyd etdiyim kimi, yalnız ixtisassız əməyin ödənilməsi üçün nəzərdə tutulmuş sosial normativdir. Yəni, hər hansı orta təhsili olan biri müəyyən sahədə ixtisaslaşaraq peşə əldə edirsə, onu minimum əmək haqqı ilə işə götürmək olmaz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır