BİZNES

Milli Məclisdə azad iqtisadi zona haqqında Qanunda dəyişikliklər müzakirə olunub
23 SENTYABR
144

Milli Məclisdə azad iqtisadi zona haqqında Qanunda dəyişikliklər müzakirə olunub

2019-09-23 16:22:00

Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirib ki, gündəliyə "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi daxil edilib.

Valeh Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, qanuna "Keçid müddəaları" adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş azad zona səlahiyyətli qurumu və onun idarə heyəti formalaşana qədər azad zona səlahiyyətli qurumun və idarə heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Qeyd edilib ki, azad iqtisadi zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Düzəliş Ələt azad iqtisadi zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, Cavid Qurbanov məsələ barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, ümumiyyətlə, azad iqtisadi zonanın fəaliyyətə başlaması iqtisadiyyatın inkişafına, o cümlədən ümumi daxili məhsulun artmasına müsbət təsir göstərəcək, neftdən kənar sahələrin ixrac imkanlarını genişləndirəcək. Müzakirələrin yekununda "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır