BİZNES

Avtomobillərin icarə xərcləri gəlirdən çıxıla bilərmi ?
02 SENTYABR
73

Avtomobillərin icarə xərcləri gəlirdən çıxıla bilərmi ?

2019-09-02 14:04:00

Kiçik sahibkarlıqla məşğul olan iş adamları xərclərinə qənaət etmək məqsədilə avtomobilləri müəyyən şərtlərlə icarə götürürlər.Fins.az-ın məlumatına görə, işəgötürənlə bağlanan icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirilməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəməlidir. Digər variantda işəgötürən öz işçisinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün çəkiləcək xəcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaq.

Yuxarıda qeyd edilən hallarda bu xərclər gəlirin əldə olunması ilə bağlı xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Suallara Vergilər Nazirliyi tərəfində aydınlıq gətirilərək bildirilib ki, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda, həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər. Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Qeyd: Bu məqamlar Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri ilə tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır