BİZNES

Sərhəddə ticarət, "Yaşıl dəhliz" və vergi necə tənzimlənir ?
30 AVQUST
120

Sərhəddə ticarət, "Yaşıl dəhliz" və vergi necə tənzimlənir ?

2019-08-30 15:51:00

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Komitədən verilən məlumata görə, görüşdə DGK-nın rəhbər vəzifəli şəxsləri, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. 

Tədbirin keçirilməsində əsas məqsəd sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirələrin aparılması olub. DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlılıq təmin edilib, dövlət büdcəsinin və əhalinin gəlirləri artıb. Qeyd olunub ki, son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb ki, bu da Dünya Bankının "Doing Business 2019" hesabatında ölkəmizin 32 pillə irəliləməsinə səbəb olub.

Xüsusilə konsaltinq şirkətləri ilə birgə əməkdaşlığın bu sahədə səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən İ.Hüseynov sonra sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edib, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları, tətbiq olunan rüsum və vergilər barədə görüş iştirakçılarını məlumatlandırıb.

Tədbirdə çıxış edən DGK sədrinin müavini Cavad Qasımov məlumat verib ki, məcburi qərarların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər ilin sonuna qədər başa çatdırılacaq və sistemin tətbiqi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq. Vurğulanıb ki, gömrük nəzarəti metodlarının tətbiqi zamanı fiziki baxışın keçirilməsi 90 faiz aradan qaldırılıb və gömrük-buraxılış məntəqələrinin infrastrukturunun yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. O, ölkədə gömrük təmsilçiliyi institutunun formalaşdırılması, yeni gömrük-keçid məntəqələrinin inşası, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması və digər istiqamətlərdə görülən işlər barədə də iştirakçılara ətraflı məlumat verib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır