BİZNES

Gömrük Komitəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş olub
11 İYUL
171

Gömrük Komitəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş olub

2019-07-11 17:06:00

Fins.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsində (DGK) Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin, sədr müavinləri və aidiyyəti qurumların rəhbərlərinin, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və palata üzvlərinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsindəki yeniliklərlə bağlı məsələlər müzakirə edilib.

S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək bildirib ki, ölkəmizdə ən müasir texnologiyalara, innovativ yeniliklərə, modern infrastruktura, çevik idarəçilik mexanizminə malik, nəzarətdən-xidmətə fəlsəfəsi əsasında fəaliyyət göstərən gömrük xidməti formalaşıb.

Vurğulayıb ki, həyata keçirilən islahatlar çərçivəsində vətəndaş-məmur təması minimuma endirilib, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsi olaraq istər fiskal, istərsə də hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub.

Qeyd edib ki, cari ilin fevralından etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, sahibkarların vaxt və vəsait itkisinin azaldılmasına münbit şərait yaradıb.

S.Mehdiyev gömrük sistemində informasiya texnologiyalarından geniş şəkildə istifadə edildiyini, artıq blokçeyn texnologiyasının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, eyni zamanda, yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə hesabına vətəndaşların və avtomobillərin internet vasitəsilə elektron qaydada növbə götürərək sərhəd-buraxılış məntəqələrini vaxt itirmədən, sürətli şəkildə keçməsinin təmin olunacağını diqqətə çatdırıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru T.Baumann mövcud əlaqələrdən məmnunluqla bəhs edib. Palata sədri gömrük sistemində aparılan islahatların beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını vurğulayıb və təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Diskussiya şəraitində keçirilən görüşdə palata üzvlərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır