BİZNES

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis etdi
10 İYUL
165

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis etdi

2019-07-10 15:04:00

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində bu gün Gəncədə peşə məktəbinin ilk sənaye emalatxanasını açıblar.Bu barədə məlumat fins.az-a qurumdan verilib. Məlumatda bildirilir ki, Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, eyni zamanda tələbələrin peşə təhsilinə qəbulu və iştirakını genişləndirmək, habelə bu rayonlarda peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdan ibarətdir.

Həmçinin qeyd olunur ki, yeni müasir standartlara uyğun emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün  dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb, isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşır və burada təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin aşılanmasına xidmət edir.

Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti qeyd etdi ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə, bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcəkdir. Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcəkdir”.

Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, Qərbi Azərbaycanın sənaye mərkəzi kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək karyeralarını qurmaq  və yeni açılan emalatxanada gələcəkdə əmək fəaliyyətində rastlaşacaqları avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakasetti qeyd edib ki, “Bu gün açılan bu ilk emalatxana  ölkənin müxtəlif sahələrdə ixtisaslaşan işçi qüvvəsi  potensialını gücləndirmək və daha inklüziv əmək bazarı yaratmaq üçün mühüm bir addım kimi peşə təhsilinin vacibliyini vurğulayır”.

Bu gün Peşə Təhsili və Təlimi emalatxanasının açılışından sonra, özəl sektorun iştirakı ilə, peşə təhsili məktəbləri və Gəncə regionunun müxtəlif biznes dairələri, xüsusən də inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizini təmin edən kiçik və orta müəssisələr arasında tərəfdaşlıqları gücləndirmək məqsədini daşıyan dəyirmi masa keçirilib. Avropa İttifaqı və BMTİP, biznes sektorunun Dayanıqlı İnkişaf Məqsədlərinə kömək edən əsas qüvvə olduğunu hesab edirlər. Özəl sektor, peşə təhsili məktəblərinin məzunlarının bacarıqlarını bazardakı tələbata uyğunlaşdırmaq və bir çox kiçik və orta müəssisələrdə müəyyən peşə sahiblərinin və vərdişlərinin çatışmazlığı ilə bağlı boşluğu aradan qaldırmaq üçün böyük potensiala malikdir.

Gəncədəki bu potensialı nəzərə alaraq, lahiyə çərçivəsində, biznes sektorunda ehtiyac duyulan vərdişlərlə insan resurslarını inkişaf etdirmək üçün milli peşə təhsili məktəblərinin imkanlarını gücləndirmək məqsədilə yeni Dövlət- Özəl Sektor Tərəfdaşlığı üzrə çərçivə sənəd hazırlanıb.  Çərçivə sənəd bu günkü dəyirmi masada rəy bildirilməsi üçün özəl sektora təqdim olundu. Özəl sektorla məsləhətləşmələr növbəti aylarda da davam edəcək və bundan sonra Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəli işlənib hazırlanacaq.

Gəncədə həyata keçirilən layihə BMTİP-nin də qismən maliyyələşdirilməsi daxil olmaqla, bütövlükdə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP-nin Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx tərəfdaşlıq şəraitində icra etdiyi  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” üzrə daha geniş proqramın bir hissəsidir. Proqramın başlıca meyarı Azərbaycanın iki rayonunda – qərbdə Gəncə və cənubda Cəlilabadda peşə təhsili və inkişaf potensialını gücləndirməkdir. Ümumi hesabla, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı bu proqramın maliyyələşdirilməsinə 3,463,531 ABŞ dolları məbləğində vəsait ayırıb, burada Avropa İttifaqının maliyyə dəstəyi 3,117,178 ABŞ dolları təşkil edir. BMTİP-nin bu layihəyə ayırdığı vəsait isə 346,353 ABŞ dolları məbləğindədir. Təkcə Gəncədə, layihənin icrasına  1,600,000 avro ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır