BİZNES

Elçin Mədətov : "İstehsal etdiyimiz bütün məhsullar digər Azərbaycan şərablarından çox fərqlidir"
08 İYUL
843

Elçin Mədətov : "İstehsal etdiyimiz bütün məhsullar digər Azərbaycan şərablarından çox fərqlidir"

2019-07-08 11:52:00

Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün eyni zamanda şəraçılığın  dinamik inkişafı ölkənin əsas prioritetlərindən hesab edilir. Bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramlarını ölkəmizin üzümçülüyə  və şərabçılığa dair aqrar siyasəti formalaşdıran əsas sənədlər hesab  edilir. Hazırda Azərbaycanda şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Fəaliyyətini üzümçülük, şərabçılıq, kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, yüksək keyfiyyətli şərab istehsalı və ixracı istiqamətində quran  “Aqro-Azərinvest" şirkətinin icraçı direktoru cənab Elçin Mədətov müsahibəsində  rəhbərlik etdiyi müəssisənin bu sahədə Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi tövhələr barədə məlumat verib

“Aqro-Azərinvest" şirkəti fəaliyyətini əsasən hansı istiqamətlərdə qurub?


 "Aqro-Azərinvest" şirkəti hazırda Azərbaycan bazarında alkaqollu içkilər istehsal edən aparıcı şirkətlərdən biridirir. Bizim şirkət  2005-ci ildə "Gilan"  Şirkətlər qrupu tərəfindən təsis edilib. Yarandığı gündən indiyəqədərki müddətdə  şikətimiz tərəfindən Azərbaycanın müxtəlif regionlarında 1000 hektara yaxın üzüm bağları salınıb. Bu bağlar Azərbaycanın 5 ayrı bölgəsində yerləşir. Qəbələ rayonunun ərazisində şərab istehsalı üzrə ixtisaslaşan müəssisə yaradılıb. Ötən dövr ərzində Azərbaycanda şərabçılığın qədim ənənələrini bərpa edərək daxili bazara və xarici ölkələrə ixrac üçün Azərbaycanın imicinə uyğun olaraq yüksək keyfiyyətli şərab və digər alkoqollu içkilər istehsal edib ,ixrac etməyə çalışmışıq. Hazırda da fəaliyyətimizi eyni aspetdə davam etdirərək, yüksək keyfiyyət standartlarına cavab verən şərab istehsal edirik. "Made in Azerbaijan" brendinin xarici ölkələrdə uğurla təmsil olunması üçün məhsullarımızı ən müasir standarlara uyğun şəkildə istehsal edir,qablaşdırıb müxtəlif ölkələrdə satışını həyata keçiririk.

 Gürcüstan , Fransa, Özbəkistandan müctəlif üzüm sortlarının  tinglərini gətirərək burada bağlar salmısınız. Bu sahədə başqa ölkələrlə də əməkdaşlıq planlaşdırılır?

"Aqro-Azərinvest"" şirkəti üzüm bağlarının salınmasında əsasən öz aborogen üzüm sortlarına üstünlük verib. Bu sortlardan “Mədrəsə”, "Bayan", "Şirin" sortlarından istifadə etmişik. Bununla yanaşı həm daxili həm də xarici bazarın tələbatını nəzərə alaraq  Qafqaz gürcü üzüm sortlarını almışıq. Saperavi, Rkasiteli, Mtsvane, Alexanderaulisortları o cümlədən Avropa sortları Caberne, Sauvignon, Caberne Franc, Pinot Noir və süfrə üzümlərindən Özbək sortlarınınln tiglərindən "Aqro-Azərinvest"-in üzüm bağlarının salınmasında istifadə etmişik. Gələcək planlarımızda üzüm bağlarımızın sahələrinin genişləndirilməsi durur çünki, şərab məhsullarına həm daxili həm də xarici  bazarlarda tələbat zaman keçdikcə artır. Buna görə də bizim istehsal sahələrimizi genişləndirmək fikrimiz var. Bu planlara həmçinin üzüm bağlarının ərazisinin genişləndirməsi də daxildir. Konkret olaraq tinglərin gətirilməsi ilə bağlı bildirmək istərdim ki, biz əsasən Azərbaycana məxsus olan yerli sortların daha da inkişaf etdirilib çoxaldılmasına üstünlük vermək istəyirik. Ona görə ki, Azərbaycan şərabının özəlliyinin , fərqliliyinin sirri şərabın istehsalında  elə yerli üzüm sortlarından istifadə olunmasıdır.

Hazırda mövcud üzüm bağlarınız hansı regionlarda yerləşir və gələcəkdə Azərbaycanının hansı regionlarında üzüm bağlarının salınmasını planlaşdırırsınız?

 Hazırda Azərbaycanın 5 regionunda Lənkəran, Cəlilabad, Qəbələ Yevlax və Göygöl rayonlarında "Aqro-Azərinvest"-in üzüm bağları mövcuddur. Biz çalışmışıq Azərbaycanda üzümçülük ənənləri olan bölgələrdə üzüm bağlarını salaq. Çox güman ki, həmin bölgələrdə də mövcud üzüm bağlarımızın sahəsini genişləndirəcəyik. Bu rayonlarla yanaşı çox istərdik Tovuz , Ağstafa, Şəki rayonlarında yeni üzüm bağları salaq. Hazırda bu bir layihə şəklində mövcuddur və yaxın gələcəkdə reallaşdırmağı nəzərdə tutduğumuz perspektivlərdən biridir.

Hazırda şərabın istehsalında əsasən hansı texnologiyadan istifadə edirsiniz və bu texnologiyanı dəyişmək fikriniz var?

Ümumiyyətlə şərab qonşu ölkərdə eyni zamanda Avropada klassik texnologiyadan istifadə edilərək hazırlanır. Fərq ancaq istifadə olunan avadanlıqlardadır. Biz hazırda və gələcəkdə əsasən klassik texnologiyaya üstünlük veririk.  Avadanlıqlar hamısı Avropadan gətirilir. İtaliyanın qabaqcıl istehsalçılarının avadanlıqları,  alman avadanlıqları vasitəsilə istehsalı həyata keçiririk. İstehsal prosesində xarici təcrübədən geniş istifadə edilir. Fransız, İtaliyan şərabçıları, qonşularımız gürcülər, moldavanlar bizim mütəxisislərlə təcrübələrini bölüşür. Yeni texnologiyaların tətbiqi ilə bağlı bildirmək istərdim ki, hazırda dünyada mövcud çox məşhur bio və orqanik şərablardır. Hesab edirəm ki, bu istiqamətdə yenilik daha maraqlı olardı. Növbəti illərdə biz yeni texnologiyaya uyğun olararaq orqanik və ya bio şərablar istehsal etmək istərdik. Avropa və Şərq bazarının , Koreya, Yapon bazarının təlabatı məhz orqanik və bio şərab məhsullarınadır.

Sizin hazırda istehsal etdiyiniz şərabların yerli bazarda əsas üstünlüyü nədir?

Bizim şərab istehsalı müəssisəsi fəaliyyətə başladığı gündən məqsədimiz ancaq yerli xammaldan istifadə edərək şərab istehsal edək. Öz xammalımızdan istifadə əsas fəliyyət prinsipimizdir. Biz 2004-2005-ci illərdə üzüm bağları salmağa başladıq. İstehsala isə 2007-ci ildə start vermişik. Məqsəd də öz saldığımız üzüm bağlarımız məhsul verməsi və öz xammalımızdan istifadə edərək istehsalı həyata keçirək. İlkin illərdə biz digər fermerlərdən, digər təsərüfarlardan üzüm məhsulu alırdıq. 2008-2009-cu ildən başlayaraq istehsal edilən şərablarda eyni zamanda konyaklarda ancaq müəssisəyə məxsus olan bağlarda yetişdirilən üzüm məhsulundan istifadə olunur. Bizim özəlliklərimizdən ən birincisi Azərbaycanda hazırda ən böyük üzüm bağlarına malik olan müəssisəsi olmağımızdır. Bu nöqteyi nəzərdən yanaşdıqda biz daha təhlükəsiz bir məqamdayıq.Bu fakt bizim müəssisənin istehsalının davamlılığını və daha da inkişaf etməsini stimmullaşdıran əsas amildir. Bundan başqa bizim çoxsaylı üzüm çeşidlərimiz möcuddur. Qeyd etdiyim kimi bizim üzüm bağlarında yetişdirilən sortlar arasında gürcü sortları, Avropa sortları, Odessadan gətirilən sortlar var. Bu da bizə öz xammalımızı özümüz təmin etməyə imkan verir. Müxtəlif keyfiyyətli, geniş çeşidli məhsullar istehsal edək.


Azərbaycanda belə bir tendensiya var ki, yerli bazarda özünü doğrulda bilməyən məhsullar xarici bazarda özünü doğruldur. Bu əsasən nə ilə bağlıdır?

Belə hallar məhsulların spesifikası ilə bağlıdır. Yerli bazarda yox xarici bazarda öz alıcısını tapan məhsullar əsasən kinservləşdirilmiş məhsullar bu koteqoriyaya aiddir. Bizim əhali konservləşdirilmiş məhsulları ev şəraitində özləri hazırlamağa üstünlük verir.Çoxluq kənddə tanıdığı insanlardan alır. Məhz bu səbəbdəndir ki, ölkəmizdə fəaliyyət göstərən konserv zavodları istehsal etdikləri məhsulların əksəriyyətini əsasən xarici ölkələrə ixrac edirlər.


Yalnız yerli yaxud yalnız xarici bazar üçün nəzərdə tutulmuş istehsal etdiyiniz məhsullar var ?

Təbii bizim elə məhsullarımız var ki, həmin məhsullar məhz daxili bazarın tələbatına uyğun şəkildə istehsal olunur.Həmin məhsulların zahiri görünüşü, dad, keyfiyyət göstəriciləri daxili bazarın  tələbləri nəzərə alınaraq seçilir və istehsal edilir. Xarici bazara qaldıqda isə, biz məhsulu əsas xarici bazarlardakı partnyorlarımızın,  idxaçı şirkətlərin tələblərinə görə uyğun istehsal edirik. Xarici bazarlar üçün nəzərdə tutulan məhsulların xarici görünüşü, etiketlənməsi, keyfiyyət göstəriciləri xarici bazarlardakı portnyorların tələblərinə uyğunlaşdırılaraq istehsal olunur. Onu da qeyd edim ki, hər bir bazarın özünə məxsus tələbləri var. Məsələn; Avropa bazarında olan tələblər Rusiya bazarında olan tələblərlə eyni deyil. Bu faktor nəzərə alınaraq hər bir ölkənin bazarı üçün fərqli məhsul istehsal olunur. Bu o demək deyil daxili bazarda satılan məhsulu biz ixrac etmirik. Elə məhsul var ki,onun satışını həm  daxili bazarda həm də xarici ölkələrdə həyata keçiririk.


Məhsulları əsasən hansı ölkələrə ixrac edirsiniz və ən irihəcmli ixrac hansı ölkəyə edilib ?

İlk növbədə bildirmək istərdim ki,nəinki bizim şirkət, Azərbaycanının bütün şərab istehsalçıları üçün əsas bazar Rusiya bazarı hesab olunur. Rusiya bazarı Azərbaycan şərabçıları üçün ənənəvi və ən böyük bazardır. İstehsal olunan məhsulların təxminən 90%-i Rusiya bazarına ixrac olunur. Bununla yanaşı "Aqro-Azərinvest" Avropa ölkələrinə, Çinə, Qazaxıstan, Belarus və digər xarici ölkələrə şərab ixrac edir. Hər il bizim bu ölkələrə ixrac etdiyimiz məhsulların miqdarı artır. Həmin ölkələrin bazarlarında bizim şirkətin məhsullarına tələbatın artmasıyla əlaqədar Rusiya bazarına etdiyimiz ixracın həcmini tədricən azaldırıq. Əsas məqsəd bir bazardan asılı olmamaqdır. İqtisadi nöqteyi-nəzərdən təhlükəsizliyimizin təmini üçün müxtəlif ölkələrin bazarlarına ixrac reallaşdıraraq həmin bazarlarda bizim məhsullara təlabat yaratmaqla bağlı addımlar atırıq. Şirkətimiz indiyəqədərki dövrdə ən irihəcmli ixracı məhz Rusiyaya həyata keçirib. Bir faktı qeyd edim ki, 10 ildən artıqdır hətta deyərdim Sovetlər dönəmindən hazırki dövrə qədər olan müddətdə Rusiya Azərbaycan şərablarının ixrac olunduğu xarici ölkələr arasında birinci yerdədir.

"Aqro-Azərinvest" əsasən yerli mütəxəssislərlə əməkdaşlıq edir yoxsa daha çox xarici ölkələrin mütəxəssislərinin təcrübəsindən yararlanır ?

Ümümiyyətlə müəssisə fəaliyyətə başladığı dövrdən məqsədimiz Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması istiqamətində Azərbaycan hökümətinin həyata keçirdiyi irimiqyaslı siyasətə dəstək olaraq daha çox yerli mütəxəssislərin təcrübəsindən istifadə edərək onların işlə təmin olunmasını həyata keçirməkdir. Azərbaycanda kifayət qədər peşəkar mütəxəssis var. Üzümçülük, şərabçılıq və bu sahəyə aid edilən digər istiqamətlərdə çox peşəkar mütəxəssislərimiz var. Ona görə də, bizim müəsissədə sırf Azərbaycan mütəxəssisləri işləyirlər. Bu mütəxəssislər arasında çox gənc olanları da var, ortayaşlı insanlar da var. Bununla yanaşı biz həmçinin ixtisaslı xarici mütəxəssislərlə sıx əməkdaşlıq edirik. Bizim gürcü, moldavan, fransız, italyan şəraçılarla yüksək səviyyəli əlaqələrimiz formalaşdırılıb. Vaxtaşırı həmin mütəxəssislər gəlib bizim zavodda istehsal prosesi ilə tanış olub, tövsiyyələrini verirlər. Müəyyən müddət çərçivəsində biz gedib onların müəssisələrində oluruq yeni texnologiyalarla , təzə üsullarla tanış oluruq, ikitərəfli təcrübə mübadiləsi həyata keçirilir.

"Aqro-Azərinvest"hansı sertifikat, mükafatlarla təltif edilib? Hərhansı beynəlxalq yaxud yerli əhəmiyyətli sərgilərdə iştrak edib?


"Aqro-Azərinvest" -in istehsal etdiyi şərablar çox saylı diplomlar,mükafatlarla təltif edilib. Bunlardan Rusiyada keçirilən sərgilərdə qızıl medal ilə təltif edilib. “Aqro-Azərinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qəbələ-Şərab zavodunun) istehsalı olan 15 illik “GILAN” konyakı və “İRƏVAN QALASI” ağ süfrə şərabı 2015-ci ilin 9-13 fevral tarixində Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal "PRODEXPO - 2015" 22-ci Beynəlxalq sərginin “2015-ci ilin ən yaxşı məhsulu” laureatı DİPLOMunu və QIZIL MEDALını alıb. “Vəzir” və “Babək” konyakları Moskva şəhərində keçirilən Beynəlxalq “Şərab və Spirtliiçkilər” Müsabiqəsində gümüş, Londonda keçirilən «International Wine and Spirit Competition» Beynəlxalq müsabiqəsində isə 3 bürünc medala layiq görülüb. 10-14 fevral 2014-cü il tarixində Moskva şəhərində “21-ci Beynəlxalq qida məhsulları, içkilərvə onların istehsalı üçün xammal sərgisi “PRODEKSPO-2014” keçirilib. Şirkətimizintəqdim etdiyi “BASARKEÇƏR” qırmızı süfrə şərabı və “GOLD BAKU” 8 illik konyakı Beynəlxalq Müsabiqə Komissiyasının bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və istehsal etdiyi bu məhsullara görə “Aqro-Azərinvest” MMC, sərginin “Ən yaxşı məhsul” nominasiyasının laureatı diplomu və qızıl medalı ilə təltif olunmuşdur.  Fransada keçirilən sərgidə Qəbələ şərab zavodunun məhsulu olan Nar çaxırı innovativ məhsul kimi sertifikat alıb. May ayında İtaliyanın Roma şəhərin keçirilən sərgidə iki şərabımız medalla təltif olunub. Şərablarımızla yanaşı konyaklar da keçirilən bütün beynəlxalq sərgilərdə, dequstasiyalarda iştrak edirik. Bütün bunlar bizim məhsulların yüksək əyarlı keyfiyyət göstəricilərinə malik olmasının bariz nümunəsidir. Bizim şirkət hər bir məhsulumuzun keyfiyyətlilik , komponetlərinə dad və zahiri xüsusiyyətlərinə yüksək diqqətliliklə yanaşır. Bütün məhsullarımızı "Made in Azerbaijan" brendi altında xarici ölkələrə ixrac edirik.Biz hər bir məhsulumuzla ölkə xaricində Azərbaycanın müsbət imicinin formalaşması üçün öz tövhəmizi verməyə çalışırıq.


"Aqro-Azərinvest" üzümdən şərabdan başqa hansı məhsullar istehsal edir?

İlk növbədə biz üzümü yaş formada bazara çıxarırıq. Bizim bağlarımızda yetişdirdiyimiz süfrə üzüm sortunun ölkə daxilində eyni zamanda xarici ölkələrə əsasən Rusiyada satışını həyata keçiririk. Əsasən avqust, sentyabr, oktyabr aylarında biz daxili təlabatı ödəmək üçün məhz ölkə daxilində süfrə üzümünü satışa çıxarırıq. Bizim üzüm bağlarının kiçik bir qismində  xüsusi üzüm sortları yetişdirilir. Yerli "Ağ Şanı" , "Qara Şanı" eyni zamanda özbək sortları və Avropa sortları bazara təqdim olunur. Bundan əlavə "Aqro-Azərinvest" - in bağlarının məhsulu olan süfrə üzümünün xarici ölkələrə ixrac etməklə bağlı uzunmüddətli təcrübəsi var. Biz hər il çox böyük həcmli olmasa da, kiçik hesab olunan miqdarda süfrə üzümünü Rusiyaya ixrac edirik. Bunlarla yanaşı məlumdur ki, konyaklar, daxili bazara eyni zamanda xarici ölkələrə, üzümdən alınan kontak spirti və şərab üçün xammal ixrac edirik. Məlumdur ki, üzümdən istehsal edilməsi mümkün olan bir çox məhsullar var. Məsələn üzüm dənəsinin yağı  istehsal olunur. Bizim şirkət də bu məhsulun istehsalı ilə maraqlanırdı. Hazırda bu istiqamətdə işləri dayandırsaq da gələcəkdə üzüm dənəsi yağlı istehsal etməyi planlaşdırırıq. Ola bilsin, bir müddətdən sonra  həmin məhsulu da istehsal etdik.


"Aqro-Azərinvest"  yalnız alkoqollu içkilər istehsal edir ?

Bəli "Aqro-Azərinvest"   hazırda yalnız alkoqollu içkilər istehsal edir. Alkoqolsuz sıfır alkoqol faizli içkilər hazırda çox populyardır. Şərabçılıq sənayesində yeni tendensiyadır. Məlumdur ki, əvvələr sıfır alkoqol dərəcəli pivə istehsal olunurdu. Bu növ pivənin istehsalı hazırda da geniş yayılıb. İndi də şərabçılıqda sözügedən xətt populyar istiqamət  hesab olunur. Bizim zavodda həmin növ pivənin istehsal edə bilən avadanlıq yoxdur. Biz əsasən körfəz ölkələrinin, Səudiyyə Ərəbistanı və digər ərəb mənşəli ölkələrdən olan tələbatı nəzərə alırıq, təhlil edirik və düşünürəm yaxın gələcəkdə sıfır alkoqol tərkibli şərabın istehsalını bizim şirkət də həyata keçirəcək.

Sizin şirkətin istehsal etdiyi şərablardan hansının Azərbaycan bazarında alternativi yoxdur?

Biz Azərbaycanda şərab istehsalçılarına fərq qoymuruq. Biz rəqib olsaq da, hamımız eyni sahənin nümayəndələriyik, bir sahədə çalışırıq. Hamımızın məqsədi  məhz Azərbaycan şərabçılığının inkişafı və Azərbaycan şərabının dünyada və ölkəmizdə keyfiyyətini yüksəltmək və müsbət imicinin formalaşdırmaqdır. Bizim istehsal etdiyimiz bütün məhsullar digər Azərbaycan şərablarından çox fərqlidir. Mən üstündür  demək istəmirəm, fərqlidir deyirəm. Təbii ki, hər bir şərabçının,  texnoloqun məhz onun özünə məlum olan sirrləri var. Hesab edirəm ki, bizim şərabların digər şərablardan fəqli həm də elə üstün cəhəti həmin o sirrdir. Bizim bütün şərablarımızın hər birinin ayrı- ayrılıqda özünəməxsus tamı var. Bizim əsas fərqimiz özünəməxsusluğumuzdur

Azərbaycanda bazarında "Aqro-Azərinvest" –in tərəfdarları  yoxsa rəqibləri çoxdur?

Azərbaycan şərab bazarı çox böyük bazar deyil. Təəssüüflər olsun ki, Azərbaycanda şərab içmək mədəniyyəti tam şəkildə formalaşmayıb. Bununla yanaşı qeyd etmək istərdim ki, sevindirici haldır ki, bu sahədə hər il artım müşahidə edilir. Daxili istehsalın həcmi artır. Qeyd edim ki, statistik göstəricilərə nəzər saldıqda 2018-ci ildə şərab istehsalının həcmi 2017-ci ildə istehsal edilən şərabın həcmindən 50%-ə yaxın çoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda məhz şərab istehsalı ilə bağlı böyük rəqabət var. Biz digər şərab istehsalçıları ilə dostuq eyni sahədə çalışırıq. Təbi ki, rəqabət halları da mövcuddur. Məhz bu rəqabət bizi daha yaxşı, mükəmməl məhsulların istehsalına ruhlandırır. Ümiyyətlə şərab bazarında yüksək  rəqabətlilik mövcuddur. Bu əsasən tünd içkilər - vodka  bazarı ilə bağlı rəqabətdir. Bu sahədə müəyyən müəssisələr sağlam rəqabət aparır digərləri qeyri sağlam rəqabət üsullatına əl atır. Hesab edirəm ki dövlətimizin həyata keçirdiyi iqtisadi siyasət  bu sahədə  sağlam rəqabət  mühitinin  formalaşmasına öz tövhəsini verərək, tənzimləyci rolunu oynayacaq.

 Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır