BİZNES

Vergilər Nazirliyi "ASAN xidmət" mərkəzlərində monitorinq aparıb- NƏTİCƏLƏR
06 İYUL
248

Vergilər Nazirliyi "ASAN xidmət" mərkəzlərində monitorinq aparıb- NƏTİCƏLƏR

2019-07-06 14:51:00

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu xidmətini 2012-ci ildən bəri "ASAN xidmət" mərkəzlərində də göstərməkdədir. Dövlət başçısının "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 17 yanvar 2019-cu il tarixli fərmanına əsasən, Bakı şəhərində 5, regionlarda isə 10 "ASAN xidmət" mərkəzinin yerləşdiyi inzibati ərazi vahidlərində nazirlik tərəfindən göstərilən bəzi xidmətlərin yalnız həmin mərkəzlərdə həyata keçirilməsi nəzərdə tutulub.

Fins.az-ın məlumatına görə, hazırda "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi üçün ayrılan 69 masada vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicilərinə xidmətlər göstərilir. Bu xidmətlərə ilkin qeydiyyat, ƏDV-nin məqsədləri üçün qeydiyyat, elektron sənəd mübadiləsi barədə müqavilələrin bağlanması və bankda hesab açılması üçün müraciətlər, habelə "Asan imza" sertifikatı xidmətləri daxildir.

2018-ci ildə dövlət qeydiyyatına alınmış 3.602 kommersiya hüquqi şəxsdən 76,9 faizinin, 73.566 fiziki şəxsdən isə 43 faizinin ərizəsi "ASAN xidmət" mərkəzlərində qəbul olunub. Bundan əlavə, keçən il Vergilər Nazirliyi üzrə təqdim olunmuş 219.943 "Asan imza" sertifikatının 70,5 faizi "ASAN xidmət" mərkəzlərində verilib.

Prezident fərmanının icrası ilə əlaqədar Vergilər nazirinin əmri ilə müvafiq qaydalar təsdiq edilib, göstərilən xidmətlərin təşkili, vergi orqanı əməkdaşlarının fəaliyyətinin monitorinqinin və təhlilinin aparılması məsələlərinə nəzarət vergi orqanının müvafiq strukturuna tapşırılıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin mart ayı ərzində Bakıda fəaliyyət göstərən 5, may-iyun aylarında isə regionlarda fəaliyyət göstərən 10 "ASAN xidmət" mərkəzində (Sumqayıt, Quba, Qəbələ, Bərdə, Mingəçevir, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı) monitorinqlər keçirilib. Monitorinqlər zamanı "ASAN xidmət" mərkəzlərində xidmətlərin qanunvericiliyə uyğun göstərilməsi, quraşdırılmış avadanlıqların işlək vəziyyətdə olması, əlavə ayrılmış pəncərələrin zəruri texniki avadanlıqlarla təchiz edilməsi, kadr məsələləri və fiziki şəxslərin vergi uçotu haqqında sənədlərin hazırlanması kimi məsələlərə baxılıb və əksər problemlər yerindəcə həll olunub. Eyni zamanda, nöqsana yol vermiş əməkdaşlarla müvafiq təlimatlandırma işləri aparılıb, ümumi tələblər, o cümlədən davamiyyət, davranış və ünsiyyətə dair ümumi normalar izah olunub.

Monitorinqlər nəticəsində Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər zamanı gələcəkdə qarşıya çıxacaq problemlərin operativ həll edilməsi üçün vergi orqanlarının qeydiyyat və uçot strukturlarının rəhbərləri və "ASAN xidmət" mərkəzlərinin direktorları arasında zəruri əlaqələndirmə işləri təşkil edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır