BİZNES

Bu metodla biznesimizi böhrandan qoruya və dövlətdən güzəştlər əldə edə bilərik.
05 İYUL
279

Bu metodla biznesimizi böhrandan qoruya və dövlətdən güzəştlər əldə edə bilərik.

2019-07-05 12:19:00

Hazırda qlobal iqtisadiyyatda tez -tez müşahidə edilən geoiqtisadi və geosiyasi proseslər iqtisadiyyata və onun tərkib hissəsi olan  biznes müəssisələrinə təsirsiz ötüşmür. Bir çox hallarda yaranan cüzi siyasi və iqtisadi gərginliklər bir çox biznes müəssisəsinin tənəzzülü ilə nəticələnməkdədir.

Sadalanan iqtisadi və siyasi gərginliklərin yaratdığı sunami dalğası effektindən biznes müəssisələrinin qorunması üçün beynəlxalq praktikada uğurla tətbiq edilən klaster modeli ön plana çıxır. XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən  klaster mexanizmi  tətbiq edildiyi ölkələrin əksəriyyətində  biznes müəssisələrini  iqtisadi böhranlardan qorumuş və böhran vəziyyətində belə inkişaflarını təmin edə bilmişdir.  Xüsusilə, 2008-ci il maliyyə böhranı və Yunanıstanda bizneslərin xilas yolu olan klasterlər hazırda  dünyada biznesin etibarlı inkişaf modeli olaraq hər keçən gün daha da inkişaf etməkdədir. Klasterlərin biznesləri böhrandan qoruyaraq necə inkişaf elətdirdiyini aşağıdakı sualların cavabında aydınlıq gətirməyə çalışacağıq.

Klaster nədir və hansı üstünlükləri vardır ?

Klaster  mahiyyət etibari ilə  eyni və yaxud bənzər iş şəraitində fəaliyyət göstərən, coğrafi olaraq bir-birinə yaxın və qarşılıqlı olaraq əməkdaşlıq və ya rəqabət halında olan istehsalçı şirkətlər və qurumların bir araya gəldiyi biznes modelidir. Buna misal olaraq soyuducu istehsalı sahəsində bir klaster dedikdə soyuducunu istehsal edən şirkətlə yanaşı ,soyuducu istehsalı üçün lazım olan detalları təmin edən, onun istehsalı üçün lazımi dəzgahları istehsal edən, onun proqram təminatı həyata keçirən və s. kimi şirkətlərin bütöv cəmidir .Biznes müəssisələrinə klasterdə birləşmək  istehsal üçün zəruri olan faktorların birgə fəaliyyəti ilə onların daha səmərli texnologiya, işgücündən faydalanmağa və rəqabət güclərini artırmağa kömək edir. Regionlarda ixtisaslaşmış bizneslərin inkişafını təmin etdiyi üçün  dövlətlər öz ölkəsində bu cür biznes modelinin fəaliyyətini  təşviq edən güzəştlər və imtiyazlar tətbiq etməkdədir.

Bu sahədə ölkəmizdə vəziyyət nə yerdədir?

Dünya ölkələrində uğurla tətbiq edilən kiçik və orta bizneslərin klasterdə birləşdirilməsi artıq ölkəmizdə də mümkündür. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “KOB klaster şirkəti”nin meyarlarına uyğun olaraq fəaliyyətini quran kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan  vergi ödəyiciləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla  KOB klaster şəhadətnaməsi əldə edə bilərlər. Bu şəhadətnaməni əldə edən şirkətlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən və mənfəətinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə gəlir və mənfəət vergisindən azad ediləcəkdir.

Müəllif: Altun Yasinli

Anti-böhran və biznesin inkişafı  üzrə ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır