BİZNES

“Qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”
12 İYUN
74

“Qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”

2019-06-12 12:11:00

“Bu ilin I rübündə Azərbaycanda muzdla işləyənlərin sayında ötən ilin I rübü ilə müqayisədə 114 mindən çox artım olub".

Fins.az xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, artımın 97 mini qeyri-neft sektorunun payına düşüb: “Son nəticədə qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”.

Bundan başqa, X.Abdullayev qeyd edib ki, bu ilin ilk 4 ayında ölkədə qeyri-büdcə təşkilatları üzrə sosail ödəmələr 16% artıb. O, təmsil etdiyi qurumun vergi ödəyiciləri ilə daha sıx partnyorluq münasibətləri qura biləcəklərini ümid etdiyini bildirib.

Vergilər nazirinin müşaviri onu da bildirib ki, Vergilər Nazirliyinin əsas məqsədi kölgə iqtisadiyyatının xüsusi çəkisini azaltmaq, şəffaflığı və vergi güzəştlərinin iqtisadi səmərəsini artırmaq, vergi inzibatçılığını ən müasir səviyyədə qurmaq, vergi ödəyicilərinin hüquqlarını maksimum qorumaqdır.

"Bu ilin ilk 4 ayı ərzində vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9%-dən çox artım müşahidə olunub. Vergi proqnozunu 111,7% icra etmişik. Müsbət meyllərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18%-dən çox artım qeydə alınıb, proqnoz 116% proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Bütövlükdə 4 ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62%-dən 67%-ə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22%-dən çox artmasıdır”, - X.Abdullayev əlavə edib.

Nazir müşaviri onu da vurğulayıb ki, bir sıra tədiyyə növləri üzrə xüsusilə yüksək artım dinamikası müşahidə olunur: “Qeyri-neft sektoru üzrə ƏDV daxilolmalarında 22%-dən çox artım müşahidə olunub. Bu, ƏDV-yə cəlb olunan dövriyyələrin artımı ilə bağlıdır. Aksiz vergilərində 32%, qeyri-neft sektorunundan daxil olan aksizlərdən 4 dəfədən çox artım olub. Qeyri-neft sektoru üzrə mənfəət daxilolması üzrə 39%-ə qədər artım müşahidə olunub”.

 

Mənbə: Report.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272