BİZNES

Topdansatış ticarəti ilə məşğul olanların nəzərinə
11 İYUN
418

Topdansatış ticarəti ilə məşğul olanların nəzərinə

2019-06-11 13:49:00

Sənədləşdirilmədən satışa çıxarılan, elektron qaimə-faktura olmadan təqdim edilən mallar həmin malların mənbəyi barədə ciddi şübhələrə yol açır. Çünki ölkə ərazisində satışa çıxarılan hər bir mal ya yerli istehsal müəssisələrində istehsal olunaraq, ya da xaricdən idxal edilərək bazara çıxarılır. Hər iki halda satışa çıxarılan mallar satışa təqdim olunarkən mənbəyi göstərilməli və qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satışa çıxarılan hər hansı mal topdan və ya pərakəndə satışla məşğul olan şəxslərə təqdim edilərkən müvafiq qaydada rəsmiləşdirilmirsə, deməli, həmin mallar ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Sənədi olmayan malların satışa çıxarılması isə ciddi qanun pozuntusu sayıldığından, belə fəaliyyətlərin müvafiq dövlət nəzarəti orqanları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunması qaçılmazdır.

Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov topdansatış ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib. Bildirib ki, heç bir halda qanunvericiliyin bu tələbi yerinə yetirilməyə bilməz: "Malların satışı zamanı sənədləşmə mütləq aparılmalıdır və mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur".

Nazirlik rəsmisi malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin sahibkarlar üçün bir çox üstünlüklər yaratdığını söyləyir. Onun sözlərinə görə, elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına səbəb olur. Həmçinin sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır ki, bu da sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır.

E.Hüseynov bir daha qeyd edib ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur. Bildirib ki, elektron qaimə-faktura hər şeydən əvvəl sahibkarın öz biznesinin qanunun tələbləri çərçivəsində qurmağa və inkişaf etdirməyə, şəffaf fəaliyyət göstərməsinə xidmət edir: "Bu halda ticarət obyektlərinin sahibləri həm də dövlət nəzarəti orqanları ilə münasibətləri asanlaşdırmış və gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını bəri başdan almış olur".

Xatırladaq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb.

Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272