BİZNES

34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verildi, 11 əməkdaş vəzifədən kənarlaşdırıldı
10 İYUN
287

34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verildi, 11 əməkdaş vəzifədən kənarlaşdırıldı

2019-06-10 16:51:00

Vergilər Nazirliyi vergi sistemində şəffaflığın təmin olunması, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirləri davam etdirir. Bir müddət əvvəl Vergilər Nazirliyi Baş Prokurorluqla birlikdə bir sıra ərazi vergilər idarələrinin fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair məlumat yayaraq, bu pozuntulara yol vermiş vergi əməkdaşları barədə cinayət işinin açıldığını bildirmişdi. Məlumata görə, nazirliyin daxili strukturlarında aparılan yoxlamalar zamanı ayrı-ayrı vergi əməkdaşlarının dövlət büdcəsinə çatmalı olan məbləğləri mənimsədiklərinə dair faktlar müəyyən edilmişdi.

Fins.az xəbər verir ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir. Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb. 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb. C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir. Nazirlikdən bildiriblər ki, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272