BİZNES

Vergidən necə qeydiyyatdan keçmək olar?-Ətraflı izah
07 İYUN
166

Vergidən necə qeydiyyatdan keçmək olar?-Ətraflı izah

2019-06-07 08:06:00

Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətə başlamazdan əvvəl sahibkar ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalıdır.Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitinin cəlb edilməsi tələb olunduğu halda onun əldə edilməsi ilə bağlı müvafiq tədbirləri görməlidir.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər. Fərdi sahibkarlıq – hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. Hüquqi şəxs – qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olsun. Vergi ödəyicisi kimi uçota alınan fiziki şəxslər Azərbaycan Respublikasının vətandaşları şəxsiyyət vəsiqəsinin surəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən onlara verilmiş vəsiqə ilə “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”ni, hüquqi şəxslər isə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə birlikdə dövlət qeydiyyatı üçün tələb olunan digər sənədləri vergi orqanına təqdim edir. Müvafiq ərizə formalarında digər məlumatlarla yanaşı məşğul olmaq istədikləri fəaliyyət növünü (növlərini) və vergitutma sistemi qeyd edilməli və həmin məlumatlarda sonrakı dövrdə hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu barədə 40 gün ərzində məlumat verilməlidir. Sahibkar fəaliyyət göstərəcəyi təsərrüfat subyektini (obyektini), məsələn mağazanı, kafeni, istehsal sexini, fermanı, anbarı və s. yerləşdiyi ərazi üzrə vergi orqanına, o cümlədən əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə uçota qoymalı, nağdsız hesablaşmaların aparılması, o cümlədən kreditlərin götürülməsi məqsədi ilə istədiyi bankda hesab açmalı, nağd pul hesablaşmaları aparıldığı təqdirdə isə təsərrüfat obyektində nəzarət-kassa aparatını quraşdırmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır