BİZNES

Xarici bankın Azərbaycandakı filialı və ya poçt tərəfindən 1 faiz dərəcə ilə vergi tutulması -QAYDA
04 İYUN
206

Xarici bankın Azərbaycandakı filialı və ya poçt tərəfindən 1 faiz dərəcə ilə vergi tutulması -QAYDA

2019-06-04 15:39:00

Təcrübədə ən çox rast gəlinən hadisələrdən biri də hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyindən 1 faiz dərəcə ilə vergi tutulmasıdır. Bu sahədə diqqət yetirilməli olan məqamlara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu, sırf vergi ödəyicilərinə aid olduğundan, adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.


Misal: Tutaq ki, "A" MMC işçinin əməkhaqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Vətəndaşın bank hesabına pul köçürmələri vasitəsilə vəsait daxil olduqda da həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirlmiş vergi hesablanmır.
Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb. Yəni vergi ödəyicisinin kənd təsərrüfatı ilə, yaxud ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, bank hesabından nağd pul çıxarıldıqda 1 faiz sadələşdirilmiş vergi ödənilməlidir.

Dövlət təşkilatları və bələdiyyələr tərəfindən bank hesabından vəsaitin çıxarılması zamanı 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmamalıdır. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda həmin vergini ödəməməlidirlər.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədikləri 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır