BİZNES

İşsizlərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi
03 İYUN
291

İşsizlərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi

2019-06-03 17:05:00

Nazirlər Kabineti "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası"nı təsdiq edib.Fins.az məlumat verir ki,sənədə əsasən, bununla "Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarı ləğv edilib.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı keçdiyi müddətdə aylıq təqaüd alacaqlar. Onlar peşə hazırlığı keçdikləri müddətdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd alacaqlar.

Təqaüdlər işsiz şəxsin bank hesabına köçürüləcək. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Qaydalara əsasən, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
1. İşsiz kimi qeydiyyatı ləgv edildikdə;
2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
3. Təhsil müəssisəsindən xaric olunduqda.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır