BİZNES

“Avropa İttifaqı istəyir ki, Azərbaycan yerli şirkətlərə dəstəyi azaltsın”
24 MAY
131

“Avropa İttifaqı istəyir ki, Azərbaycan yerli şirkətlərə dəstəyi azaltsın”

2019-05-24 15:42:00

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasının səbəbi tərəflər arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqlarının olmasıdır. Fikir ayrılıqlarından biri odur ki, Avropa İttifaqı istəyir ki, Azərbaycan tərəfi yerli sahibkarlığı və yerli məhsulları təşviq etməsin.

Fins.az xəbər verir ki, bunu «Sosial-İqtisadi və Ekoloji İnkişaf» İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

Onun sözlərinə görə, sazişlə bağlı fikir ayrılığı iqtisadi bloka aiddir. Avropa İttifaqının digər ölkələrlə imzalanmış sazişlərindən də görmək olar ki, onlar geniş iqtisadi-ticarət əməkdaşlığı əhatə edir. Belə olan halda, təbiidir ki, Azərbaycan tərəfi danışıqlarda iqtisadiyyatın dayanıqlı inkişafı, sahibkarlığın gücləndirilməsi və əhalinin sosial müdafiəsinə yönəltmiş milli maraqlardan çıxış edir.

Avropa İttifaqı Azərbaycan bazarında öz maraqları üçün preferensiyaları əldə etmək istəyir. Bu, təbiidir. Amma eyni zamanda çalışır ki, ölkəmiz yerli sahibkarları, kiçik və orta müəssisələri, onların məhsul, iş və xidmətlərinin təşviqini məhdudlaşdırsın.

Bu isə Azərbaycanda biznes mühitinin əlverişliyinin daha da artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kiçik və orta biznesin iqtisadiyyatda, xüsusilə ixracda payının artırılması, bunun üçün sahibkarlara müxtəlif stimullaşdırma mexanizmlərinin yaradılması, ümumilikdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatlarla uzlaşmır.

Ekspert bildirir ki, indiyədək bu sahədə önəmli işlər görülüb. Məsələn, dövlət satınalmalarında kiçik və orta sahibkarların rolunu gücləndirmək məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunda ciddi dəyişikliklər edilib. Belə ki, mallara və xidmətlərə münasibətdə 3 milyon ABŞ dollarınadək dövlət satınalmaları yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulu tətbiq edilməklə elektron satınalma vasitəsilə keçirilməlidir.

«Avropa İttifaqı isə tələb edir ki, bizim qanunvericilikdə dövlət satınalmalarında kiçik və orta sahibkarlar üçün üstünlük yaradan təşviqedici müddəa ya ləğv olunsun, ya da elə məhdudlaşdırılsın ki, onların dövlət satınalmalarında iştirakı minimuma ensin. Maraqlıdır ki, keçən ilin iyul ayında imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında tərəfdaşlıq sənədində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi yer ayrılır. İndi isə elə çıxır ki, Avropa İttifaqı danışıqlarda əks mövqe tutur.

Şübhəsiz ki, Avropa İttifaqının bu mövqeyi qəbul edilə bilməz və Azərbaycanın maraqları ilə uzlaşmır»-deyə İB sədri bildirib.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263