BİZNES

Sahibkarlarla Vergi Ombudsmanı İnstitutunun fəaliyyət istiqamətləri müzakirə edilib
11 MAY
206

Sahibkarlarla Vergi Ombudsmanı İnstitutunun fəaliyyət istiqamətləri müzakirə edilib

2019-05-11 13:25:00

Vergilər Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə keçirilən görüşdə nazirlikdə yenicə yaradılmış Vergi Ombudsmanı İnstitutunun fəaliyyət istiqamətləri, sahibkarların hüquqlarının qorunması sahəsində atılacaq addımlar, vergi sistemində həyata keçirilən islahatların effektivliyinin artırılması üçün görülən işlər və ASK ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirliyin media və kommunikasiya mərkəzindən fins.az-a bildirilib ki, görüşdə vergilər nazirinin müşaviri, Vergi Ombudsmanı İnstitutunun rəhbəri Elçin Məmmədov yeni yaradılan qurumun strukturunun formalaşdırılması, hüquq və vəzifələri, əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd edib ki, Vergilər Nazirliyinin nəzdində yaradılan və birbaşa nazirə tabe olan Vergi Ombudsmanı İnstitutu mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla vergiödəyicilərinin hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edəcək: "Vergi ombudsmanının əsas fəaliyyəti vergiödəyicilərinin hüquqlarının pozulmasının qarşısını almaq və pozulmuş hüquqları bərpa etməkdir. Ombudsman vergiödəyiciləri tərəfindən daxil olan müraciətlərin monitorinqini aparmaq, əgər ehtiyac yaranarsa, ona öz rəyini bildirmək hüququna malikdir. Vergi ombudsmanı tərəfindən verilmiş rəy tövsiyə xarakteri daşıyacaq. Bununla yanaşı, Vergi ombudsmanı vergiödəyicisinin müraciətində qaldırılan məsələni vergilər nazirinə məruzə etməklə, onun həlli barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Ombudsman bütün məsələlərlə əlaqədar daxil olmuş müraciətləri ümumiləşdirərək həm kollegiyaya çıxara, həm də birbaşa vergilər nazirinə məruzə edə bilər. Qanunlara əməl edən vergiödəyiciləri Vergi Ombudsmanı İnstitutunun timsalında özlərinə çox güclü tərəfdaşlar tapacaqlar. Öz fəaliyyətində vergi qanunvericiliyinin tələb və normalarından kənara çıxan vergi orqanlarının əməkdaşları isə çox güclü müqavimətlə rastlaşacaqlar". Daha sonra Vergi Məcəlləsində edilmiş dəyişikliklər, habelə "kölgə iqtisadiyyatı"nın azaldılması, vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. Vergilər nazirinin müşaviri Elçin Məmmədov, Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov ASK-ın nümayəndələrini maraqlandıran sualları cavablandırıb, onların təkliflərinə münasibət bildiriblər. ASK-ın nümayəndələri müəssisələrdə sənədsiz vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiya) verilməsi və qiymətləndirmə sənədinin ilkin sənəd kimi qəbul edilməsi, Vergi Məcəlləsindəki ifadələrin mənalarının dəqiq təsbit edilməsi, bəndlərin konkretliyi və şamil olunmasının açıq şəkildə göstərilməsi, Vergi Məcəlləsinə son dəyişikliklərin icrasını təmin edən əlavə normativ hüquqi aktların qəbulu, elektron qaimə-fakturaların tətbiqi qaydalarının təkmilləşdirilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin diferensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasının asanlaşdırılması və operativliyin təmin olunması kimi məsələlərlə bağlı təkliflərlə çıxış ediblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257