BİZNES

Gücümüzü müştəriləri keyfiyyətli məhsullarla təmin etməyə yönəltmişik
22 APREL
3687

Gücümüzü müştəriləri keyfiyyətli məhsullarla təmin etməyə yönəltmişik

2019-04-22 13:21:00

MÜSAHİB: “FAB BOYA VƏ KİMYA SƏNAYESİ”MMC-NİN DİREKTORU KƏNAN MƏHƏRRƏMOV

Əvvəlcə istərdik rəhbərlik etdiyiniz şirkət haqqında məlumat verəsiniz.“FAB Boya və Kimya Sənayesi” MMC nə vaxtdan fəaliyyət göstərir və hansı məhsulları istehsal edir?

“FAB Boya və Kimya Sənayesi” MMC-nin əsası 2001-ci ildə qoyulub.  Fəaliyyətinə müxtəlif təyinatlı boyaların istehsalı ilə başlayıb.  Şirkətimiz zamanla sektorda fəaliyyətini genişləndirərək yeni istehsal sahələrinin sayını artırıb və bu proses davam etdirilməkdədir. Hazırda “FAB” təkcə boya şirkəti kimi deyil, inşaatla bağlı bir çox məhsulun istehsalçısı kimi tanınır. “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində “FAB boya “, “Fab polimerlər”, “FABKİM” keramika yapışdırıcıları, “HILL FAN” plastik məhsullar fabrikləri fəaliyyət göstərir. 2018-ci ildən isə “BƏYAZ ALÇI” fabriki  işə başlayıb.

İstərdik yeni qurulan “BƏYAZ ALÇI” fabrikinin üzərində dayanaq.  Fabrikin fəaliyyəti nədən ibarətdir və burada hansı məhsullar  istehsal edilir?

“BƏYAZ ALÇI” fabrikində məhsul istehsalına 2018-ci ilin yanvarından start verilib. Fabrikin ümumi sahəsi 135 000 kv m-dir. Burada astar,üzlük,son qat üzlük, astar suvağı, fuqa alçıpan olmaqla 13 adda alçı məhsulu istehsal olunur.Müəssisə Almaniya və Türkiyənin ən müasir avadanlıqları ilə təchiz olunub. İstehsal tam avtomatlaşdırılmış sistem üzrə aparılır.  Fabrik gün ərzində 900 t-dan çox gips məhsulu istehsal etmək gücünə qadirdir.

Alçı və gips məhsulunun istehsalı ilə məşğul olan müəssisə açmağa səbəb verən amil nə oldu?

Hazırda Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara yüksək dövlət qayğısı, aparılan səmərəli islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfələrverir. Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək.” Azərbaycan həm yeraltı, həm də yerüstü sərvətlərlə zəngin ölkədir. “BƏYAZ ALÇI” fabrikini qurarkən əsas missiyamız yerli xammaldan istifadə edərək, texnoloji yeniliklərin tətbiqi ilə cəmiyyətə, ətraf mühitə yararlı, keyfiyyətli məhsullarla ölkə iqtisadiyyatına fayda vermək olub. Yeni bir istehsal müəssisəsinin istismara verilməsi həm də soydaşımızın işlə təmin olunması deməkdir. Biz yeniliklərin tətbiqi ilə yanaşı, peşəkar kadrlarımızın, gənclərimizin istehsal prosesinə cəlb olunmasına da xüsusi önəm veririk.

“BƏYAZ ALÇI” məhsullarının bazarda uzun müddət var ola bilməsi üçün nələrə diqqət yetirirsiniz?

“FAB Boya” olaraq, “Faydasını alanlar bilər” şüarı altında istehsal etdiyimiz bütün məhsullarda hər zaman keyfiyyətə önəm veririk. Çünki keyfiyyətli məhsul müştəri məmnuniyyətinə, müştəri məmnuniyyəti isə biznesin uğurlu inkişafına, davamlılığına təkan verən əsas amillərdəndir.  “FAB Boya” yenilikçi bir şirkətdir.  Keyfiyyətə nəzarət laboratoriyalarımızda peşəkar mütəxəssislərimiz tərəfindən bütün məhsulların, o cümlədən “BƏYAZ ALÇI”nın dünya standartlarının tələblərinə uyğun hazırlanmasına ciddi nəzarət olunur. Məhsulların təkmilləşdirilməsi, çeşid sayının çoxaldılması istiqamətində araşdırmalar aparılır. Hazırda daxili məkanlarda alçı tətbiqi geniş vüsət alıb. Bizim fəaliyyətimizin əsasında yeni texnologiyanın tətbiqi ilə iqtisadi cəhətdən sərfəli, insan orqanizmi üçün zərərsiz, ətraf mühitin dostu olan məhsul hazırlamaq dayanır. “BƏYAZ ALÇI” məhsullarının xarici bazara çıxışını planlaşdırırsınızmı və əsas hədəfləriniz nələrdir?

“BƏYAZ ALÇI” fabriki işə salındığı gündən əsas gücümüzü müştəriləri keyfiyyətli məhsullarla təmin etməyə yönəltmişik. “BƏYAZ ALÇI” məhsulları xarici bazarda rəqabət aparma gücünə qadirdir. Danılmaz bir faktdır ki, ixracat məhsulun daha böyük arealda tanınması və şirkət gəlirlərinin artması deməkdir. Bizim əsas plan və hədəfimiz “BƏYAZ ALÇI”nın nəinki yerli, dünya bazarında da keyfiyyətli Azərbaycan məhsulu kimi tanınmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263