BİZNES

“Foreks” bazarlarına yatırılan vəsaitlər kəskin azalıb
10 APREL
170

“Foreks” bazarlarına yatırılan vəsaitlər kəskin azalıb

2019-04-10 10:41:00

Azərbaycanda xarici maliyə bazarlarındakı törəmə alətlərə – Foreks bazarlarına yatırılan vəsaitlər kəskin azalıb. Fins.az-ın Bakı Fond Birjasının  açıqladığı göstəricilərə əsasən verdiyi məlumata görə , 2019-cu ilin birinci rübündə birjanın törəmə alətlər yəniForeks bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 3 qat azalma olub. Ötən il həcmi 1 milyard 896 milyon manata çatan bazarının həcmi bu il təqribən 3,1 dəfə azalaraq 610 milyon manata düşüb.

«Foreks» bazarına yatırımların azalmasının səbəbi maliyyə bazarlarındakı qeyri müəyyənlik və investorların gözləmə mövqeyi tutmasıdır. Bu barədə FED.az-a Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib. Onun sözlərinə görə, son 6 ay ərzində «Foreks»ə yatırımların həcminin kəskin azalması müşahidə edilir, səbəbi Foreks əməliyyatlarının əvvəlki kimi gəlirli olmamasıdır: «Bazarda ən çox ticarət olunan alətlərə nəzər salsaq, məsələn, avro-dollar cütlüyündə məzənnə dəyişikliyi son 6 ay ərzində 200-250 point civarında, yəni 2-3 sent arasında dəyişir. Müqayisə üçün bildirək ki, bundan əvvəlki 6 ayda avro-dollar məzənnəsi 2-3 dəfə artıq dəhlizdə dəyişirdi».

Başqa sözlə, bir neçə ay əvvəl avro-dollar məzənəsi 1,12-1,20 arasında dəyişirdisə, hazırda bu göstərici 1,12-1,13 arasında dəyişir. Dəhlizin daralması investorların gəlir götürmək imkanını da zəiflədib. 

Durğunluq bütün birja alətlərində, o cümlədən neftin qiymətində də hiss olunur. Belə ki, son aylar «qara qızıl»ın qiyməti müəyyən həddə sabitləşib: «Neftin qiyməti son 6-7 ay ərzində 4-5 dollar arasında dəyişir və hazırda 65-70 dollar arasındadır».

Neft hasil edən dövlətlər üçün bu sabitlik sərfəli olsa da, «Foreks» oyunçuları üçün gəlirlərin azalması deməkdir. Məsələ bundadır ki, «Foreks»də gəlir qiymətlərin artıb- azalmasından əldə edilir, sabitlik isə gəlirləri kəskin aşağı salır.

C.İbrahimov bildirir ki, adətən durğunluqdan sonra bazarda canlanma olur: «Hər belə sabitlikdən sonra biz böyük qiymət dəyişikliklərini müşahidə edirik. Sadəcə indi investorlar səhv etməmək üçün daha çox gözləmə mövqeyində qalmağa çalışırlar.

Ekspertin sözlərinə görə, Foreks bazarındakı bu durğunluq bu sahəyə maraq göstərənlərin sayını azaltmayıb: «Foreks-də hesab açanların sayı artır. Amma say artımına baxmayaraq hətta mövcud müştərilər də əməliyyatların həcmini kəskin azaldıblar. Yəni kiçik investorlar da böyük investorların nə qərar verəcəklərini gözləyirlər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265