BİZNES

Vəkil bürolarında fəaliyyət göstərən vəkillər vergini hansı qaydada ödəməlidir?
09 APREL
82

Vəkil bürolarında fəaliyyət göstərən vəkillər vergini hansı qaydada ödəməlidir?

2019-04-09 16:42:00

Vergi Məcəlləsinin 99.3.11-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri xidmətə görə alınan ödənişlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər qrupuna aiddir.Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verlən məlumatda bidirilir ki, fərdi qaydada fəaliyyət göstərən vəkillər Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəyirlər. Vəkillər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməli, bəyannamədə göstərilən məbləğ həmin tarixədək dövlət büdcəsinə ödənilməlidir.

Finsü.az-ın məlumatına görə, Fərdi qaydada fəaliyyət göstərən vəkillərin məcburi dövlət sosial sığorta ödənişlərinə gəlincə, Vəkillər Kollegiyasının üzvləri gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi qaydada fəaliyyət göstərən vəkillər sığortaedən olaraq hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq hesabat təqdim etməlidirlər. Qeyd olunan ödənişlər hər ay üçün hesablanır, hesablandığı aydan növbəti ayın 15-dən gec olmayaraq yalnız nağdsız hesablaşma qaydasında dövlət büdcəsinə ödənilməlidir.

Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişlərini isə müvafiq bürolar yerinə yetirir. Vəkil büroları qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla vəkilləri üzvlüyə qəbul edir və onların vəkillik fəaliyyəti ilə əlaqədar bütün müqavilələrin bağlanması, sorğuların verilməsi və sair hüquqi prosedurlarda tərəf olur, eyni zamanda, vəkillərin müqavilə əsasında ödənilən xidmət haqlarından məcburi ödənişləri ödəmə mənbəyində tutmaqla icra edir.

Fərdi qaydada fəaliyyət göstərən vəkillərdən fərqli olaraq, hər hansı vəkil bürosunun tərkibində fəaliyyət göstərən vəkillər hüquqi yardım üçün müraciət edən şəxslə müqavilə bağlayan zaman ödənilən xidmət haqqı məbləğini vəkil bürosunun hesabına köçürür və görülən iş tamamlandığı zaman həmin məbləğin məcburi ödənişlər çıxıldıqdan sonra qalan hissəsi vəkilin bank hesabına ödənilir.

Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkillər öz gəlirlərindən vergini illik ödədikləri halda (praktikada mövcud olan il ərzində hissə-hissə ödəmə məcburi deyil), vəkil bürolarının tərkibində olan vəkillərin hesabatları və ödənişləri rüblük həyata keçirilir. Yekunda eyni faiz dərəcəsi tətbiq olunsa da, əslində, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsi üzrə tutulan ödənişlərə Məcəllənin 101.1-ci maddəsi üzrə nəzərdə tutulan 2500 manatadək gəlirdən 14 faiz vergi dərəcəsi tətbiq edildiyi üçün, vəkil ay ərzində üzvü olduğu büronun hesabına 2500 manatdan yuxarı məbləğdə xidmət haqqı köçürdüyü halda, yuxarı olan hissənin 25 faizindən də gəlir vergisi hesablanmalıdır.

Eyni zamanda, vəkil büroları tərəfindən vəkillərin məcburi dövlət sosial sığortası "Sosial sığorta haqqında" Qanunun 14.5.5-ci maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə deyil, həmin Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə müəyyən edilən, gəlirlərinin 25 faizi həcmində olan hissədən tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266