BİZNES

Nazir Azərbaycanın Çinə yatırdığı investisiyanın məbləğini açıqlayıb
08 APREL
82

Nazir Azərbaycanın Çinə yatırdığı investisiyanın məbləğini açıqlayıb

2019-04-08 11:27:00

Azərbaycan tərəfindən Çin iqtisadiyyatına investisiya qoyuluşları $1,7 mlrd. məbləğində qiymətləndirilir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Azərbaycan tərəfindən Çinə $1,7 mlrd., Çindən isə Azərbaycana $800 mln. məbləğində investisiya yatırılıb. Azərbaycanda dövlət vəsaiti hesabına icra edilən $600 mln. dəyərində layihələrdə Çin şirkətləri iştirak edib”, - deyə Ş.Mustafayev Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət üzrə Məşvərət Qrupunun üzvü Cou Syaopeylə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $1,3 mlrd. təşkil edib, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

Qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Çinin “Bir Kəmər və Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan, həm də bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır.

Maliyyə sahəsində əməkdaşlığın önəmini vurğulayan Ş.Mustafayev Azərbaycanın 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olduğunu, Bankın TANAP layihəsinə $600 mln. kredit ayırdığını, Çinin TANAP layihəsinin reallaşmasında rolunu vurğulayıb.

Turizm sahəsində əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran nazir Çin vətəndaşlarının “ASAN viza” sistemindən istifadə etdiyini, ötən il 16 min çinli turistin Azərbaycana səfər etdiyini qeyd edib.

C.Syaopey Azərbaycanın regionda mühüm mövqeyini nəzərə alaraq, məhz Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycanı seçdiklərini vurğulayıb. O, ölkəsinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266