BİZNES

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergilər ödənilməlidir
13 MART
64

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergilər ödənilməlidir

2019-03-13 13:55:00

Fins.az-ın məlumatına görə,hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.Vergi ödəyicisinin istehsal etdiyi və ya digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəlikləriVergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Buna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq olunmur.Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı vergi öhdəliklərini nəzərə çatdırsaq,tədarük qaydasında alınmış kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər, sadələşdirilmiş vergitutma metodu tətbiq olunduğu halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim olunmuş mallara görə əldə edilən gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264