BİZNES

Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı tələb hansı halda hüquqi qüvvəyə malikdir?
11 MART
99

Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı tələb hansı halda hüquqi qüvvəyə malikdir?

2019-03-11 15:27:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməyibsə və bir tərəf onu digər tərəfə verməyibsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Mövzunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin şöbə rəhbəri Məmməd Quliyev şərh edir.

Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri), adı göstərilməklə, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə):

  • vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – verildiyi gün;
  • poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
  • elektron üsulla elektron kabinetinə göndərildikdə - göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

Məcəllənin 70.2-2-ci maddəsində göstərilir ki, sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim olunur. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, əgər onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində fərdi elektron səhifə kimi elektron kabinet yaradılıb. Elektron kabinetdən istifadə üçün vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergi ödəyicisi tərəfindən vergi orqanından kod-parol götürüldükdən sonra həyata keçirilir. Elektron kabinetə giriş kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Vergi ödəyicisi elektron kabinetə daxil olaraq digər vergi ödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edə və elektron xidmədlərdən istifadə edə, istifadə olunmuş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər. Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergi ödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə - elektron üsulla göndərildiyi gün lazımi qaydada çatdırılmış sayılır.

Vergi ödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergi ödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir. Elektron kabinetdən istifadə nəticəsində vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşiyıcılarda sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264