BİZNES

Sahibkarlar üçün “Biznes islahatları” seminarı
08 FEVRAL
114

Sahibkarlar üçün “Biznes islahatları” seminarı

2019-02-08 13:51:00

Fevralın 8-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  ilə birgə “Biznes islahatları” mövzusunda seminar keçirib.

Fins.az-ın məlumatına görə,seminarın məqsədi Azərbaycan Respublikası Prezidentinin biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması olub.

ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edilib. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılıb, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınıb, bəzi məhsullara ixrac rüsumları ləğv edilib, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilib. Belə ki, ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri üçün yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini verməkdədir. Bu gün keçirilən seminarın da əsas məqsədi ölkədə həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması, onların aparılan islahatlarda rolunun müzakirəsi ilə bağlıdır. Sahibkarları seminarda aktiv olmağa, təkliflərlə çıxış etməyə çağırırıq. Ümidvarıq ki, seminar ölkəmizdə aparılan iqtisadi islahatların icrasına töhfə verəcək”.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, dövlət dəstəyi, makroiqtisadi və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafına xidmət edir: “Hazırda vergi və gömrük sahəsində aparılan islahatlar, şəffaflıq, hesabatlılıq, rəqəmsallaşma, nağdsız dövriyyənin genişlənməsi və “Doing Business” islahatları sahibkarların xərclərini və prosedurları azaldır, onları daha rəqabətə davamlı edir. Struktur islahatları isə iqtisadiyyatın məhz özəl sektorun liderliyilə inkişafına hesablanıb. Bank sektorundakı yüksək likvidliyin (7,1 milyard manat və ya aktivlərin 25 faizi) real sektorun inkişafına yönəldilməsi üçün özəl sektor daha da fəal olmalıdır”.

O bildirib ki, ölkə başçısı tərəfindən iqtisadi islahatların və sosial proqramların düzgün olaraq sinxronlaşdırılması nəticədə insan amilinə xidmət edir.

Seminar panellər üzrə işini davam etdirib. İİTKM, Ədliyyə və Vergilər nazirlikləri, Şəhərsalma və Arxitektura, Gömrük komitələri, “Azərişıq” ASC və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri iştirakçılar üçün təqdimatlar ediblər. Onlayn vahid ixrac ərizəsi, sərhəddə ticarət, məhkəmə sistemi, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, biznesə başlama, dövlət satınalmaları sahələrində aparılmış iqtisadi islahatlar vizual infoqrafiklər vasitəsilə bir daha sahibkarlara izah olunub.

Diqqətə çatdırılıb ki, dövlət satınalmalarının vahid internet portalı ölkədə elektron satınalma modelinə keçidin təmin edilməsi və nəticə etibarı ilə təkmilləşdirilmiş nəzarət mexanizminin formalaşdırılması, hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı məlumatların cəmiyyətin bütün üzvləri üçün əlçatan olması imkanı yaradıb. Bundan başqa, həyata keçirilən islahat tədbirləri nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə prosedurların azalması, müvafiq dövlət qurumları arasında inteqrasiya və elektron məlumat mübadiləsinin təşkil edilməsi ilə tələb olunan günlərin sayının azalması, operativlik və şəffaflığın təmin olunması diqqətə çatdırılıb. Həmçinin məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da sadələşdirilib. Bundan əlavə, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi nəticəsində xarici ticarət əməliyyatları sürətlənəcək. Azərbaycan ixracatçılarının vaxt və xərci azalacaq.

Seminarda 50-dən çox sahibkar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259