BİZNES

İqtisadi islahatlar: Elm potensialının imkanları-Konfrans
05 FEVRAL
447

İqtisadi islahatlar: Elm potensialının imkanları-Konfrans

2019-02-05 17:47:00

Fins.az-ın məlumatına görə,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) AMEA İqtisadiyyat İnstitutu ilə birgə “İqtisadi islahatlar: Elm potensialının imkanları” mövzusunda konfrans keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar elm ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub.

   Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin inkişafın müasir mərhələsində apardığı islahatların uğurla da­vam və inkişaf etdirildiyini vurğulayıb. Akademik bu prosesin ölkəmizdə gedən müasirləşmə və sürətli dirçəlişdəki rolu və əhəmiyyətindən bəhs edib, bu istiqamətdə elmin qarşısında duran vəzifələri diqqət mərkəzinə çəkib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2015-ci ilə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə xarici şokları da dəf etməklə belə bir baza əsasında yenidən davamlı inkişaf xəttinə çıxarmaq tarixi bir missiya idi və cənab Prezident bu missiyanı uğurla həyata keçirdi: “Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq: 1.2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi; 2. 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi; 3. 2019-2020-ci illərdə iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə, yeni büdcə qaydaları şəraitində rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşməsi dövrü sayılır. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir.

    Vüsal Qasımlının sözlərinə görə, artıq iqtisadiyyatımız yeni tarazlıq şəraitinə uyğunlaşır: “Son biznes, struktur islahatları və fiskal qaydalar bir-birini tamamlamaqla yeni iqtisadi modelə keçidi tam başa çatdıracaq. Dünyada gedən siyasi və iqtisadi proseslər, o cümlədən 4-cü Sənaye İnqilabı, iqlim dəyişikliyi, ticarət müharibələri, iqtisadi idarəetmə arxitekturasının dəyişilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanda yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olması ölkə iqtisadiyyatına yeni perspektivlər vəd edir. Bu ərəfədə Azərbaycanda iqtisad elmi potensialının səfərbər olunması və ölkədə aparılan uğurlu iqtisadi siyasətə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nizamnamə tələblərindən irəli gələn vəzifələrinə uyğun olaraq islahatların təhlili və kommunikasiyasında ölkənin iqtisadiyyat məktəbinin imkanlarından geniş istifadə edir.”

AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli bildirib ki, elmi-təd­qiqat institutları ilə dövlət orqanlarının birlikdə konfranslar, elmi seminarlar, elmi-praktik müzaki­rələr keçirməsi həm ölkədə aparılan islahatların elmi təminatı, həm də elmi potensialdan daha sə­mərəli istifadə olunması baxımından əhəmiyyətlidir. O qeyd edib ki, Strateji yol xəritələrində qo­yulanvəzifələri əsas tutaraq, 2017-2018-ci illərdə İnstitut Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində kompleks elmi-tədqiqat işi yerinə yetirib. İnstitu­tun özünün hazırlayıb beynəlxalq ekspert icmasına təqdim etdiyi metodologiya əsasında 6 sektor üzrə (sektordan asılı olaraq – 60-92 ölkə üzrə) qiymətləndirmə aparılıb və müəyyən olunub ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, el­min, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlü­yünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir. 2019-2021-ci illərdə İqtisadiyyat İnstitu­tu “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaş­dırılması” mövzusunda tədqiqatlar aparmağı nəzərdə tutur. Məqsəd – Azərbaycanda aparılan iqti­sadi islahatların effektivliyinin daha da artırılmasına, mütəvazi də olsa, töhfə verməkdir.

    Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı həyata keçirilən kompleks biznes islahatı tədbirləri çərçivəsində atılan mühüm addımlar barədə təqdimatla çıxış edib. Təqdimat zamanı ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradan tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, bir prosedura hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi, online vahid ixrac ərizəsi və yaşıl dəhliz ilə bağlı ətraflı məlumat verilib.

  Yekunda qeyd edilib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən dərin iqtisadi islahatlar müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına və sosial rifah halının yaxşılaşmasına töhfə verməklə yanaşı elmi potensialın da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin reallaşmasında və innovativ inkişafın təmin edilməsində Azərbaycan iqtisadiyyat məktəbi həmişə yaxından iştirak etmişdir və gələcəkdə də bu proses davam edəcəkdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027